backend

Əmlak sığortasını məcburi etməliyik… – Deputat

“Cəmi 40-50 manatlıq illik rüsumun ödənilməməsi səbəbindən vətəndaşların tamamilə müflis olmasının qarşısını almaq üçün əmlak sığortası təcili olaraq məcburi olmalıdır”.

Qaynarxett.az xəbər verir ki, bunu Milli Məclisin iclasında çıxışı zamanı bölgələrdə yaranan ciddi sosial-məişət fəsadlarını və əmlak təhlükəsizliyi məsələsini gündəmə gətirən Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev təklif edib.
Millət vəkili parlament kürsüsündən deputatı olduğu İmişli rayonundakı acınacaqlı vəziyyəti təəssüflə qeyd edərək, yanğın hadisələrinin artıq təsadüfi xarakter daşımadığını bildirib. O, həm vətəndaş məsuliyyətinin artırılması, həm də sistemli boşluqların aradan qaldırılması üçün hökumətə çağırış edib:
“Deputatı olduğum İmişli rayonunda vətəndaşlarla görüşən zaman təəssüflə qeyd etməliyəm ki, hər ay 3-4 yanmış evə, obyektə baş çəkməli oluram. Bu, artıq təsadüf deyil, ciddi sosial problemdir. Hər dəfə həmin ailələrə eyni sualı verirəm: “Əmlak sığortanız varmı?” Cavab isə demək olar ki, həmişə “yox” cavabı olur. Ən düşündürücü məqam isə odur ki, bu sığortanın illik məbləği cəmi 40-50 manat civarındadır. Yəni bir ailənin bir illik təhlükəsizliyi çox kiçik bir məbləğlə təmin oluna bilərdi. Amma nəticədə insanlar bütün əmlakını itirir, sonra isə dövlətin və cəmiyyətin üzərinə əlavə yük düşür. Bu vəziyyət göstərir ki, burada təkcə vətəndaş məsuliyyəti deyil, həm də sistemli yanaşma çatışmır”.

MCP başqanı qeyd edib ki, əmlak sığortasının yenidən qanunvericilik səviyyəsində məcburi edilməsi həm fövqəladə hallarda dövlətin maliyyə itkilərini azaldacaq, həm də ailələri bir gündə hər şeylərini itirmək təhlükəsindən xilas edəcək qabaqlayıcı addımdır:
“Hesab edirəm ki, əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir. Bu addım həm vətəndaşların məsuliyyətini artıracaq, həm də fövqəladə hallarda dövlətin üzərinə düşən maliyyə yükünü azaldacaq. Biz insanları faciədən sonra yox, faciədən əvvəl qorumaq üçün əmlak sığortasını məcburi etməliyik”.