backend

Göydəniz Qəhrəmanov: “15 İyun Azərbaycan dövlətçiliyinin xilası və inkişafının başlanğıcıdır”

15 İyun – Milli Qurtuluş Günü münasibətilə Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “15 İyun: Qurtuluşdan inkişafa aparan yol” mövzusunda tədbirdə Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov iştirak edib.
Tədbirdə çıxış edən deputat bildirib ki, 1993-cü il 15 iyun tarixi Azərbaycan dövlətçilik tarixində dönüş nöqtəsi olmaqla, xalqımızın taleyini və dövlətimizin gələcəyini müəyyənləşdirən mühüm mərhələdir. Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ölkəmizi xaosdan, vətəndaş qarşıdurmasından və parçalanmaq təhlükəsindən xilas edərək müstəqil Azərbaycanın inkişaf yolunun əsasını qoyub.
Göydəniz Qəhrəmanov vurğulayıb ki, Milli Qurtuluş Günü Azərbaycanın müstəqilliyinin qorunması, dövlət quruculuğunun möhkəmləndirilməsi və gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.
Deputat qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlar, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpası, eləcə də Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri Ulu Öndərin müəyyən etdiyi siyasi kursun uğurla davam etdirilməsinin bariz nümunəsidir.
Tədbirdə Milli Qurtuluş Gününün Azərbaycan xalqının tarixində xüsusi yer tutduğu, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və ölkənin davamlı inkişafının təmin olunmasında mühüm rol oynadığı bir daha vurğulanıb.