backend

Sahib Alıyev: “Milli Qurtuluş Günü Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallığın təməlidir”

Milli Məclisin deputatı Sahib Alıyev parlamentin plenar iclasında cari məsələlər üçün ayrılan vaxtda çıxış edərək 15 İyun – Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən və onun regional proseslərə təsirindən danışıb.

Deputat bildirib ki, Milli Qurtuluş Günü təkcə Azərbaycan xalqının xaosdan və daxili qarşıdurmalardan xilas edilməsinin başlanğıcı deyil, həm də müasir Azərbaycan dövlətinin təməlinin qoyulduğu mühüm tarixdir. Onun sözlərinə görə, həmin günün yaratdığı siyasi kurs sonradan Azərbaycan-Türkiyə münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsinə, xüsusilə də Şuşa Bəyannaməsi ilə qardaşlığın institusional xarakter almasına zəmin yaradıb.

Sahib Alıyev vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi və iqtisadi strategiya Azərbaycanın həqiqi müstəqilliyini möhkəmləndirib, ölkəni Zəfərə aparıb və regionun geosiyasi mənzərəsini dəyişib. Deputat qeyd edib ki, neft və qaz strategiyasının uğurlu həyata keçirilməsi, Xəzər hövzəsinin enerji resurslarının dünya bazarlarına çıxarılması türk dövlətlərinin müstəqillik potensialının güclənməsində mühüm rol oynayıb.

Millət vəkili çıxışında Ermənistanda keçirilən son siyasi proseslərə də toxunaraq bildirib ki, bu ölkədəki seçki kampaniyası və seçkilərin nəticələri Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın təsirini aydın şəkildə nümayiş etdirib. Onun fikrincə, bu gün Azərbaycan regionun gündəliyini müəyyənləşdirən əsas aktorlardan biridir və Ermənistanın normal, milli maraqlarına əsaslanan dövlətə çevrilməsi üçün də yeni imkanlar formalaşdırıb.

Deputat vurğulayıb ki, Ermənistanın gələcək inkişaf yolu onun sülh gündəliyinə nə dərəcədə sadiq qalacağından və atacağı addımlardan asılı olacaq.

Sahib Alıyev çıxışının sonunda Milli Qurtuluş Gününün xalqımız üçün böyük tarixi əhəmiyyət daşıdığını qeyd edərək Azərbaycan xalqını bu əlamətdar gün münasibətilə təbrik edib. O, ölkəmizdə möhkəmlənən sülhün və təhlükəsizliyin daim qorunmasını arzulayıb.