backend

Sahib Aliyev: Media savadlılığı dezinformasiyaya qarşı mübarizədə ən təsirli vasitələrdəndir

Milli Məclisin deputatı Sahib Aliyev parlamentdə “Dövlət qulluğu haqqında” və “Media haqqında” qanunlara təklif edilən dəyişikliklərlə bağlı çıxışında media sahəsində aparılan islahatların əhəmiyyətindən danışıb.

Deputat bildirib ki, çıxışında iki mühüm məsələyə diqqət çəkib. Onun sözlərinə görə, mövcud dəyişikliklər çərçivəsində iki dövlət qurumunun birləşdirilərək Media və Yayım Şurasına çevrilməsi informasiya və media mühitində baş verən konvergensiya prosesinin məntiqi nəticəsidir.

Sahib Aliyev həmçinin vurğulayıb ki, dezinformasiyaya qarşı mübarizədə media savadlılığının rolu inzibati və texniki təsir vasitələrindən geri qalmır. Deputat qeyd edib ki, dünyanın onlarla ölkəsində media savadlılığı istiqamətində həyata keçirilən tədbirlər uğurlu nəticələr verib və bu təcrübə özünü doğruldub.

Millət vəkili ötən həftə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara dəyişikliklərlə bağlı çıxışını da xatırladaraq bildirib ki, Azərbaycanda media savadlılığının və mütaliənin təşviqi ilə bağlı ayrıca qanunların qəbuluna ehtiyac var.

Deputatın sözlərinə görə, Dezinformasiyaya Qarşı Milli Müqavimət İndeksində yüksək nəticələr göstərən ölkələrin uğurlarının əsasında məhz media savadlılığının artırılması və mütaliə mədəniyyətinin təşviqinə yönəlmiş qanunvericilik təşəbbüsləri dayanır. Sahib Alıyev hesab edir ki, bu istiqamətdə hüquqi bazanın daha da təkmilləşdirilməsi cəmiyyətin dezinformasiyaya qarşı dayanıqlığının gücləndirilməsinə mühüm töhfə verə bilər.