Milli Məclisin deputatı Fatma Yıldırım bildirib ki, Azərbaycanın son illərdə əldə etdiyi uğurların əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü, uzaqgörən və müasir çağırışlara cavab verən dövlət siyasəti dayanır. Onun sözlərinə görə, bu siyasətin əsas istiqamətlərindən biri rəqəmsal inkişaf, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində ardıcıl islahatların həyata keçirilməsidir.
Deputat qeyd edib ki, cari ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması və 2026–2028-ci illəri əhatə edən Fəaliyyət Planının təsdiqlənməsi ölkənin rəqəmsal inkişaf tarixində yeni mərhələnin başlanğıcı olub. Onun sözlərinə görə, qarşıya qoyulan əsas məqsəd təkcə dövlət xidmətlərinin rəqəmsallaşdırılması deyil, eyni zamanda milli texnoloji potensialın gücləndirilməsi, rəqəmsal suverenliyin təmin olunması və Azərbaycanın regionun innovasiya mərkəzinə çevrilməsidir.
Fatma Yıldırım vurğulayıb ki, iyunun 29-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası bu baxımdan mühüm əhəmiyyət daşıyır. İclasda “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icra vəziyyəti, qanunvericilik islahatları və təhsilin rəqəmsallaşdırılması istiqamətində görülən işlər geniş müzakirə olunub.
Deputatın sözlərinə görə, Mehriban Əliyevanın çıxışında səsləndirilən fikirlər ölkəmizin rəqəmsal inkişaf strategiyasının əsas prioritetlərini aydın şəkildə ortaya qoyur. Dövlət idarəçiliyində rəqəmsallaşmanın genişləndirilməsi, süni intellekt texnologiyalarının tətbiqi, kibertəhlükəsizliyin gücləndirilməsi, innovasiya ekosisteminin inkişafı, startapların və investisiyaların dəstəklənməsi ilə bağlı verilən mesajlar Azərbaycanın müasir dövrün çağırışlarına uyğun inkişaf etdiyini nümayiş etdirir. Xüsusilə süni intellekt sahəsində qəbul ediləcək bütün qərarların milli maraqlara uyğun formalaşdırılmasının vacibliyinin vurğulanması rəqəmsal suverenliyə verilən önəmin göstəricisidir.
Fatma Yıldırım bildirib ki, artıq həyata keçirilən rəqəmsal transformasiya real nəticələr verməkdədir. Dövlət xidmətlərinin vahid “mygov” platformasında birləşdirilməsi, proaktiv xidmətlərin genişləndirilməsi, dövlət qurumlarının elektron sistemlərinin inteqrasiyası və “Yalnız bir dəfə” prinsipinin tətbiqi vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini yüksəldir, şəffaflığı və operativliyi artırır. “mygov” platformasının istifadəçi sayının 3,5 milyona çatması və qısa müddətdə 30 faiz artım qeydə alınması həyata keçirilən islahatlara cəmiyyət tərəfindən göstərilən yüksək etimadın göstəricisidir.
Deputat vurğulayıb ki, innovasiya və texnologiya sahəsində nəzərdə tutulan hüquqi islahatlar da ölkənin gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Vençur maliyyələşdirilməsi mexanizmlərinin yaradılması, startapların dəstəklənməsi, texnologiya şirkətləri üçün vergi güzəştlərinin tətbiqi və yüksək ixtisaslı mütəxəssislər üçün əlverişli mühitin formalaşdırılması Azərbaycanın rəqabətqabiliyyətli rəqəmsal iqtisadiyyat qurmaq istiqamətində qətiyyətli addımlar atdığını təsdiqləyir.
Onun sözlərinə görə, kibertəhlükəsizlik sahəsində həyata keçirilən islahatlar da xüsusi önəm daşıyır. Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması, kritik informasiya infrastrukturunun mühafizəsinin gücləndirilməsi və milli kibermüdafiə sisteminin formalaşdırılması rəqəmsal inkişafın təhlükəsiz və etibarlı əsaslar üzərində qurulmasına xidmət edir.
Fatma Yıldırım təhsil sahəsində aparılan rəqəmsallaşma prosesini də yüksək qiymətləndirərək bildirib ki, “Rəqəmsal məktəb”, “Rəqəmsal bacarıqlar” və “STEAM Azərbaycan” layihələrinin genişləndirilməsi, elektron təhsil xidmətlərinin inkişafı və süni intellekt əsaslı fərdiləşdirilmiş tədris modelinə keçid gələcəyin rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Sonda deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqəti ilə həyata keçirilən rəqəmsal inkişaf strategiyası dövlət idarəçiliyində yeni keyfiyyət mərhələsi yaradacaq, vətəndaş məmnuniyyətini daha da artıracaq, innovativ iqtisadiyyatın inkişafına güclü təkan verəcək və Azərbaycanın regionun aparıcı rəqəmsal və texnoloji mərkəzlərindən birinə çevrilməsini təmin edəcək.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət




