backend

Yeni rəqəmsal arxitektura sosial-iqtisadi tərəqqiyə töhfə verəcəkdir

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş və “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə ölkənin rəqəmsal inkişaf strategiyasının yeni mərhələsini müəyyən edən mühüm siyasi və institusional hadisə kimi xarakterizə olunur. Dövlət başçısının müşavirədə səsləndirdiyi fikirlər rəqəmsal transformasiyanın milli prioritetə çevrildiyini və bu istiqamətdə sistemli, əlaqələndirilmiş fəaliyyətin həyata keçiriləcəyini bir daha təsdiq edir.
Bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, dövlət başçısının vurğuladığı kimi müasir dövrdə rəqəmsallaşma iqtisadi artımın, effektiv idarəetmənin və milli təhlükəsizliyin əsas amillərindən biridir: “Qlobal miqyasda sürətlə inkişaf edən texnologiyalar dövlətlərin rəqabət qabiliyyətini müəyyən edən əsas göstəriciyə çevrilib. Bu baxımdan Azərbaycan da rəqəmsal transformasiyanı strateji inkişaf kursunun ayrılmaz tərkib hissəsi kimi qəbul edir. Sözsüz ki, rəqəmsal həllərin tətbiqi yalnız texnoloji yenilənmə deyil, həm də idarəetmədə şəffaflığın artırılması, operativliyin təmin edilməsi və vətəndaş məmnunluğunun yüksəldilməsi deməkdir. Dövlətimizin başçısı da müşavirədə məhz bu amilləri birdaha diqqətə çatdırdı. Bu məqsədlə dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi və vahid yanaşmanın formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Bu kontekstdə vahid rəqəmsal arxitekturanın yaradılması dövlət informasiya sistemlərinin inteqrasiyasını, məlumat bazalarının əlaqələndirilməsini və xidmətlərin mərkəzləşdirilmiş qaydada təqdim olunması üçün də mühüm addımların atılması təşviq edilir. Bu xüsusda mövcud platformaların funksionallığının genişləndirilməsi və yeni texnoloji həllərin tətbiqi bu prosesin əsas istiqamətlərindəndir”.
Deputat vurğulayıb ki, cənab Prezidentinin də bəyan etdiyi kimi xüsusilə dövlət xidmətlərinin vahid rəqəmsal platforma üzərindən təqdim olunması vətəndaş-dövlət münasibətlərində keyfiyyətcə yeni mərhələ yaradacaqdır: “Bu yanaşma inzibati prosedurların sadələşdirilməsinə, vaxt və resurs itkilərinin azaldılmasına, eyni zamanda insan amilindən irəli gələn neqativ halların minimuma endirilməsinə xidmət edəcəkdir. Müşavirədə süni intellekt texnologiyalarının tətbiqi xüsusi diqqət mərkəzində olub. Dövlətimizin başçısı bir daha bəyan edib ki, süni intellekt alətləri dövlət idarəçiliyində analitik imkanları genişləndirir, qərarların daha dəqiq və əsaslandırılmış şəkildə qəbul edilməsinə şərait yaradır.
Dövlət başçısı müvafiq qurumlara tapşırmışdır ki, süni intellekt və digər innovativ texnologiyaların tətbiqi üzrə konkret proqramlar hazırlansın, beynəlxalq təcrübə öyrənilsin və ölkədə bu sahədə milli potensial formalaşdırılsın. Eyni zamanda, məlumatların təhlükəsizliyinin və məxfiliyinin qorunması prioritet məsələ kimi müəyyən edilmişdir. Rəqəmsal transformasiya ilə paralel olaraq kibertəhlükəsizlik tədbirlərinin də gücləndirilməlisi olduqca önəmlidir. Bu, bir reallıqdır ki, informasiya təhlükəsizliyi dövlətin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir və bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi zəruri amil kimi önə çıxır”.
Sevinc Hüseynova hesab edir ki, bu baxımdan müasir texniki infrastrukturun yaradılması, müvafiq əməliyyat mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi və yüksək ixtisaslı kadrların hazırlanması əsas vəzifələr kimi müəyyən edilib: “Rəqəmsal arxitekturanın uğurlu tətbiqi üçün insan kapitalının inkişafı mühüm şərt kimi qiymətləndirilir. Prezident İlham Əliyevin də vurğuladığı kimi informasiya texnologiyaları, proqramlaşdırma, data analitikası və süni intellekt sahələrində ixtisaslı mütəxəssislərin hazırlanması üçün təhsil sistemində müvafiq islahatlar həyata keçirilməlidir. Bu xüsusda ali və orta ixtisas təhsil müəssisələrində müasir proqramların tətbiqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və gənclərin innovasiya fəaliyyətinə cəlb edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Məhz bu kontekstdə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin səsləndirdiyi mühüm fikirlər ölkəmizin rəqəmsal inkişaf strategiyasının əsas konturları hesab edilir. Sözsüz ki, rəqəmsal infrastrukturun gücləndirilməsi, süni intellekt texnologiyalarının tətbiqi, kibertəhlükəsizlik tədbirlərinin genişləndirilməsi və insan kapitalının inkişafı üzrə kompleks yanaşma Azərbaycanın sosial-iqtisadi tərəqqisinə və beynəlxalq rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verəcək. Dövlət başçısının müəyyən etdiyi strateji istiqamətlər ölkənin rəqəmsal gələcəyinin formalaşdırılmasında mühüm mərhələ olmaqla, Azərbaycanın regional və qlobal miqyasda mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir”.