backend

Deputat: Azərbaycan rəqəmsal transformasiyanı öz strateji inkişaf xətti kimi müəyyən edib

Cənab Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər bir daha göstərdi ki, rəqəmsal inkişaf bu gün artıq dövlətlərin gələcəyini müəyyən edən strateji zərurətdir.
Möhtərəm Prezidentimiz açıq şəkildə vurğuladı ki, süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma ilə bağlı islahatlar ölkələrin iqtisadi gücünü, idarəetmə imkanlarını və beynəlxalq rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdir. Bu yanaşma göstərir ki, Azərbaycanın gələcək inkişafı texnologiya və bilik iqtisadiyyatına uyğun formalaşacaq.

Bu gün dünyada gedən qlobal proseslər bir daha göstərir ki, rəqabət artıq bilik, texnologiya və rəqəmsal imkanlar üzərində qurulur. Azərbaycan bu sahədə artıq mühüm yol qət edib. Ən vacib məqam isə odur ki, cənab Prezident bu sahəni dövlət siyasətinin prioritetləri sırasında birinci yerlərdən birinə yerləşdirib.
Ölkəmizin Asiya ilə Avropa arasında strateji mövqeyi, Şimal–Cənub nəqliyyat dəhlizi üzərində yerləşməsi və son illərdə formalaşdırılan müasir infrastruktur rəqəmsal tranzit və data axınları üçün real üstünlüklər yaradır. Enerji və nəqliyyat sahəsində qazandığımız beynəlxalq təcrübə, transmilli şirkətlərlə qurduğumuz etibarlı tərəfdaşlıq əlaqələri bu gün rəqəmsal sahədə də öz sözünü deməyə imkan verir.

Son 20 ildə enerji generasiya gücümüz təxminən iki dəfə artaraq 10 min meqavata çatdırılıb, mövcud ehtiyat güclərin olması isə data mərkəzlərinin yaradılması üçün möhkəm baza yaradır. Azərbaycan bu gün özünü bütün əsas enerji mənbələri ilə təmin edən və eyni zamanda ixrac edən nadir ölkələrdəndir. Bərpaolunan enerji layihələri isə bu imkanları daha da genişləndirəcək və ölkəmizi dayanıqlı rəqəmsal transformasiya üçün möhkəm təchiz edəcək.
Azərbaycanın ABŞ, Avropa İttifaqına üzv ölkələr və Çin Xalq Respublikası ilə qurduğu strateji tərəfdaşlıq formatları ölkəmizə rəqəmsal transformasiya prosesində geniş əməkdaşlıq imkanları yaradır. Qlobal maliyyə fondları ilə mövcud əlaqələr və Dövlət Neft Fondunun beynəlxalq təcrübəsi də bu istiqamətdə əlavə üstünlüklərdir.

Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin vurğuladığı əsas prinsip ondan ibarətdir ki, bu proses vahid koordinasiya əsasında həyata keçirilməlidir. Dövlət qurumları arasında sıx əməkdaşlıq təmin olunmalı, hər bir qurumda rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul şəxslər müəyyənləşdirilməlidir. Dövlət xidmətlərinin “mygov” platforması üzərindən vahid mərkəzdən təqdim olunması idarəetmədə səmərəliliyi artırmaqla yanaşı, vətəndaş məmnuniyyətini də yüksəldəcək.
Bu baxımdan qeyd etmək istərdim ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin son illər ərzində apardığı ardıcıl və sistemli iş ölkədə rəqəmsallaşma prosesinin institusional əsaslarının möhkəmlənməsinə real töhfə verib.

Hesab edirəm ki, möhtərəm cənab Prezidentimiz İlham Əliyevin bu sahəni birbaşa nəzarətə götürməsi həm daxili dövlət qurumlarına, həm də beynəlxalq tərəfdaşlara aydın mesajdır: Azərbaycan rəqəmsal transformasiyanı öz strateji inkişaf xətti kimi müəyyən edib.
Bu proses ölkəmizin uzunmüddətli, dayanıqlı və rəqabətqabiliyyətli inkişafının möhkəm təməlidir. Azərbaycan həm texnologiya, həm iqtisadi imkan, həm də idarəetmə sahəsində qlobal trendlərə inteqrasiya olunaraq, gələcək nəsillər üçün yeni imkanlar yaradacaq.
Rəqəmsal transformasiya Azərbaycanın strateji mövqeyini gücləndirən, dövlət idarəçiliyini təkmilləşdirən və vətəndaşlarımızın həyat keyfiyyətini yüksəldən əsas amildir. Biz bu yolda qətiyyətlə irəliləyirik və Azərbaycanı rəqəmsal liderliyə doğru aparırıq.

Fatma Yıldırım
Milli Məclisin deputatı