backend

Müşfiq Məmmədli: Təklif olunan dəyişikliklər dövlət satınalmalarının səmərəliliyini artıracaq

Milli Məclisin deputatı Müşfiq Məmmədli dövlət satınalmaları ilə bağlı qanun layihəsinin müzakirəsində çıxış edib.

Deputat bildirib ki, müzakirəyə çıxarılan qanun layihəsi ilk baxışdan texniki xarakter daşısa da, əslində dövlət satınalmalarının səmərəliliyinin artırılmasına və xüsusilə xarici təchizatçılarla bağlanan müqavilələrin icrasında yaranan hüquqi boşluqların aradan qaldırılmasına xidmət edir. O, layihənin ümumi konsepsiyasını dəstəklədiyini vurğulayıb.
Müşfiq Məmmədli qeyd edib ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlar bəzi hallarda xarici şirkətlərdən yüksək texnologiyalı tibbi avadanlıqlar, proqram təminatı, xüsusi təyinatlı məhsullar və digər strateji əhəmiyyətli mal və xidmətlər əldə edirlər. Onun sözlərinə görə, bu satınalmaların bir hissəsi bir mənbədən həyata keçirilir və həmin məhsulların alternativi olmur.
Deputat diqqətə çatdırıb ki, praktikada xarici təchizatçılar öz ölkələrinin qanunvericiliyi və ya daxili korporativ qaydaları səbəbindən Azərbaycan qanunvericiliyində nəzərdə tutulan icra və ya avans təminatını təqdim edə bilmirlər. Mövcud qanunvericilikdə bu hallarla bağlı istisna mexanizminin olmaması isə Dövlət Xəzinədarlığı tərəfindən ödənişlərin həyata keçirilməsində gecikmələrə səbəb olur.
Müşfiq Məmmədlinin fikrincə, təqdim olunan dəyişiklik dövlət maraqlarına xidmət etməklə yanaşı, praktik problemlərin aradan qaldırılmasına da imkan yaradacaq.
Deputat ikinci oxunuş mərhələsində layihənin mahiyyətini dəyişmədən onun tətbiqini daha şəffaf və hüquqi baxımdan daha dəqiq etmək məqsədilə bir sıra redaksiya xarakterli təkliflər də səsləndirib. O, qanunda istifadə olunan “mümkünsüzlük müəyyən edildikdə” ifadəsinin daha konkret şəkildə izah edilməsini, bu anlayışın xarici dövlətlərin qanunvericiliyi, beynəlxalq öhdəliklər və ya təchizatçının hüquqi statusu kimi obyektiv səbəblərlə əlaqələndirilməsini təklif edib.
Bundan əlavə, deputat qərarların “əsaslandırılmış qərar” formasında qəbul edilməsinin qanunda əksini tapmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, bu yanaşma qərar qəbul edən orqanların məsuliyyətini artıracaq və subyektiv yanaşmaların qarşısını alacaq.
Müşfiq Məmmədli həmçinin bu mexanizmin yalnız müstəsna hallarda tətbiq edilməsinin qanun mətnində ayrıca vurğulanmasını, eləcə də təklif verən qurumun müraciətinin əsaslandırılmış olmasını və mümkün risklərin əvvəlcədən qiymətləndirilməsini məqsədəuyğun hesab etdiyini bildirib.
Çıxışının sonunda deputat qeyd edib ki, qanun layihəsi dövlət vəsaitlərinin qorunması ilə dövlət ehtiyaclarının vaxtında təmin olunması arasında düzgün balans yaratmağa xidmət edir. O, layihəni ümumilikdə dəstəklədiyini bildirərək, irəli sürdüyü redaksiya xarakterli təkliflərin də nəzərə alınmasını xahiş edib.