Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, 2020-ci ilin iyulunda baş vermiş Tovuz döyüşləri xalqımızın sarsılmaz iradəsini, Azərbaycan Ordusunun qüdrətini və qələbəyə inamını bütün dünyaya nümayiş etdirdi.
Deputat qeyd edib ki, Tovuz döyüşləri 44 günlük Vətən müharibəsinə gedən yolda mühüm mərhələ olmaqla yanaşı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə olunan tarixi Zəfərin ideoloji və mənəvi əsaslarını daha da möhkəmləndirdi. Onun sözlərinə görə, Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad edərək tarixi ədaləti bərpa etdi, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin suverenliyi tam təmin olundu.
Ceyhun Məmmədov çıxışında şəhid General-mayor Polad Həşimovun, Polkovnik İlqar Mirzəyevin və Vətən uğrunda canlarını fəda etmiş bütün qəhrəmanların əziz xatirəsini dərin ehtiramla yad etdiyini vurğulayıb.
“Onların göstərdiyi igidlik, qəhrəmanlıq və fədakarlıq xalqımızın yaddaşında əbədi yaşayacaq və gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi olacaq”, – deyə deputat bildirib.
Tədbirdə çıxış edən digər qonaqlar da Tovuz döyüşlərinin Azərbaycan tarixindəki xüsusi əhəmiyyətindən, gənclərin milli-vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyindən, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən danışıblar.
Sonda vurğulanıb ki, belə anım tədbirləri şəhidlərimizin əziz xatirəsinin yaşadılması, gənc nəslin milli-mənəvi dəyərlərə bağlı ruhda formalaşdırılması və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.






