backend

Bərdədə yeni qəbiristanlığın salınacağı əraziyə baxış keçirilib

Avqustun 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Milli Məclisin deputatı Fatma Yıldırım və Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlham Məmmədov Bərdə rayonunda yeni qəbiristanlığın salınması üçün nəzərdə tutulan əraziyə baxış keçiriblər.

Baxış zamanı ərazinin mövcud vəziyyəti, coğrafi mövqeyi, mühəndis-kommunikasiya imkanları, nəqliyyat əlçatanlığı və gələcəkdə qəbiristanlıq kimi istifadəyə yararlılığı qiymətləndirilib. Həmçinin zəruri infrastrukturun yaradılması, abadlıq işlərinin həyata keçirilməsi və qəbiristanlığın müasir tələblərə uyğun təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, Bərdə rayonunda yeni qəbiristanlığın salınması təşəbbüsü rayon sakinlərinin və seçicilərin çoxsaylı müraciətləri əsasında Milli Məclisin deputatı Fatma Yıldırım tərəfindən aidiyyəti dövlət qurumları qarşısında qaldırılıb. Müraciətlərin nəticəsi olaraq məsələ müvafiq qaydada gündəliyə daxil edilib və hazırda həyata keçirilən baxış və planlaşdırma işləri həmin təşəbbüsün icrası istiqamətində atılan növbəti addımlardandır.
Bildirilib ki, yeni qəbiristanlıq üçün ərazinin planlı şəkildə müəyyənləşdirilməsi ilə yanaşı, onun səmərəli idarə olunması mexanizmlərinin formalaşdırılması da diqqət mərkəzindədir. Aidiyyəti dövlət qurumlarının koordinasiyalı fəaliyyəti çərçivəsində görülən tədbirlərin qəbiristanlıqların idarə olunması sisteminin təkmilləşdirilməsinə xidmət etdiyi vurğulanıb.