backend

Bu barədə İnam Kərimov DÜŞÜNMƏLİDİR... - qapıdakı TƏHLÜKƏ

Rusiya-Ukrayna arasında başlayan silahlı münaqişə Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyəcək. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan kənd təsərrüfatı məhsullarının ən böyük bazarı Rusiyadır, bu mənada qonşu ölkədən asılılığımız ciddi zərərlərlə nəticələnə bilər. İqtisadi itkilərimizlə yanaşı, həm də kənd təsərrüfatı məhsullarının qiymətində ciddi dəyişikliklərin olması da qaçılmazdır. 

Qaynarxett.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycanın kənd təsərrüfatı məhsullarının üçdə ikisinin Rusiyaya ixrac olunduğunu xatırladıb.

Ekspertin sözlərinə görə məhz bu asılılığın olmasını, eləcə də Rusiya bazarındakı təlatüm və rublun dəyərdən düşməsini nəzərə alsaq, dollar ifadəsində Azərbaycan məhsullarının qiymətində ciddi dəyişiklik baş verməsi labüddür:

“Çünki bizim sahibkarlar və fermerlər Rusiya bazarında satdıqları məhsulu sonradan valyutaya çevirərək ölkəyə gətirirdilər.

İndi qiymətlərin artım tempi rublun dəyərdən düşməsinin tempinə uyğun olmasa, yəni rubl daha çox dəyərdən düşsə, o zaman dollar ekvivaletində Azərbaycan məhsullarının qiyməti də düşəcək.

Bu da bizim fermerlərə və iş adamlarına o qədər də sərfəli bir proses deyil. Çünki istər-istəməz satdığı malın qiyməti dollar ifadəsində düşərkən, stimul azalacaq. Bununla da Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və ixracatı yubana bilər”, -deyə iqtisadçı bildirib.