backend

Bahalıq girdabı

İqtisadçı, Respublikaçı Alternativ Partiyasının funksioneri Natiq Cəfərli əlavə dəyər vergisinin ərzaq məhsullarının qiymətinə təsirindən yazıb.

Novator.az-ın məlumatına görə, o qeyd edir ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 33806 ton ət və ət məhsulu idxal edilib, bir kiloqram ətin idxal qiyməti 3 manat 6 qəpik göstərilib: “Eyni dövrdə ölkəyə 15494 ton kərə yağı gətirilib, bir kiloqram yağın idxal qiyməti 9 manat 69 qəpik olub. Ət və ət məhsullarına, kərə yağına pərakəndə satışda çox yüksək qiymətlər qoyulmasının əsas səbəblərindən biri 18 faizlik əlavə dəyər vergisidir. Aylardır təklif vermişik, amma hökumət müzakirəyə belə çıxartmaq istəmir, çünki deməyə sözü, əks-arqumenti yoxdur.

Pərakəndə satışda ərzaq məhsullarının əlavə dəyər vergisi 2 faizə endirilməlidir, bu, qiymətlərin tənzimlənməsində ciddi rol oynayacaq. İnflyasiya, qiymət artımı insanların belini bükür, kasıblaşdırır, real gəlirlər azalır, hökumət isə bu dərinləşən problemi görmək istəmir.

Ölkədə normal iqtisadi institutlar, sistem də qura bilməyiblər ki, inflyasiya ilə, məsələn, Mərkəzi Bankın uçot dərəcəsi kimi alətlərlə mübarizə aparmaq mümkün olsun. Bizdə uçot dərəcəsi formal, mənasız bir alətdir, çünki Mərkəzi Bankın özü formal, hökumətdən asılı qurumdur, halbuki dövlət qurumu olmalı, müstəqil siyasət yeritməlidir”.