backend

Günay Əfəndiyeva: Ana dilində düşünmək, yazmaq və yaratmaq milli intellektual müstəqilliyin əsas şərtidir

Müasir dövrdə ana dilimiz fərqli təsirlər ilə qarşı-qarşıyadır. Rəqəmsallaşma, qloballaşma və sürətlə dəyişən informasiya mühiti ana dilinin qorunması ilə yanaşı, onun beynəlxalq müstəvidə mövqeyinin gücləndirilməsini də zəruri edir. Xarici dilləri bilmək, şübhəsiz, çox vacibdir. Lakin, Azərbaycan dilində düzgün və səlis danışmaq, onu gündəlik həyatımızda, elmi-mədəni fəaliyyətimizdə yaşatmaq bizim başlıca vəzifələrimizdəndir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva səsləndirib.
Həmin müsahibəni təqdim edirik.
- Günay xanım, bu gün ölkəmizdə qeyd olunan Azərbaycan Dili və Əlifbası Gününün əhəmiyyətini necə dəyərləndirirsiniz?
- Azərbaycan Dili və Əlifbası Günü ana dilimizin zənginliyini, saflığını və gələcək nəsillərə ötürülməsi məsuliyyətini vurğulayan mühüm bir tarixdir. Bu gün Azərbaycanın öz qədim keçmişinə, milli kimliyinə, mənəvi dəyərlərinə, dövlətçilik ənənələrinə sarsılmaz bağlılığını bir daha nümayiş etdirir.
Müasir dövrdə ana dilimiz fərqli təsirlər ilə qarşı-qarşıyadır. Rəqəmsallaşma, qloballaşma və sürətlə dəyişən informasiya mühiti ana dilinin qorunması ilə yanaşı, onun beynəlxalq müstəvidə mövqeyinin gücləndirilməsini də zəruri edir. Xarici dilləri bilmək, şübhəsiz, çox vacibdir. Lakin Azərbaycan dilində düzgün və səlis danışmaq, onu gündəlik həyatımızda, elmi-mədəni fəaliyyətimizdə yaşatmaq bizim başlıca vəzifələrimizdəndir. Ana dilində düşünmək, yazmaq və yaratmaq milli intellektual müstəqilliyin əsas şərtidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi dil siyasəti mədəniyyət siyasətimizin mühüm tərkib hissəsi olmaqla yanaşı, əslində həm də çox ciddi bir milli təhlükəsizlik strategiyasıdır. Dövlətimizin başçısı Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirindəki çıxışında vurğuladığı kimi, Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Bu sözlər dövlətimizin başçısının hamımız üçün mühüm bir məsuliyyət çağırışıdır və nəinki dilçilərə, alimlərə, ziyalılara, hər bir azərbaycanlıya ünvanlanır. Çünki vətənpərvərlik, dövlətçilik anlayışları ilk növbədə ana dilinə sevgidən, hörmətdən başlayır. Ana dilimizə sahib çıxmaq, əslində Vətənimizə, dövlətçiliyimizə sahib çıxmaq deməkdir.
- Sizin fikrinizcə Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasını şərtləndirən əsas tarixi amillər hansılar idi?
- Bilirsiniz ki, ötən əsrin 30-cu illərində milli düşüncəmiz, milli yaddaşımız haqqında danışan ziyalıların böyük hissəsi repressiyaya məruz qaldı. Sonrakı onilliklərdə də imperiya daxilində ana dili məsələsinə toxunmaq həssas və riskli siyasi mövzu olaraq qalırdı. Həmin mürəkkəb dönəmdə Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinin hüquqi təminat altına alınmasını strateji vəzifə kimi müəyyənləşdirdi. Hələ müstəqillikdən əvvəl, 1978-ci ildə Ümummilli Liderin Azərbaycan dilinin Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi təsbit edilməsinə nail olması gələcək müstəqilliyin mənəvi təməlinin qoyulması idi.
Düşünürəm ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra isə ana dilimizin taleyi ilə bağlı ən mühüm qərarlardan biri 1995-ci ildə yeni Konstitusiya layihəsinin hazırlanması zamanı qəbul olundu. Bununla bağlı Ulu Öndər xüsusi iclas çağırdı. O iclasda dilimizin adının necə ifadə olunacağı ətrafında müxtəlif fikirlər, mövqelər səsləndirildi. Mənim atam da həmin müzakirələrin iştirakçısı idi. İclasın yekununda Ulu Öndər böyük uzaqgörənliklə dövlətçilik maraqlarını rəhbər tutaraq, bütün məsuliyyəti öz üzərinə götürərək, son qərarı verdi və bildirdi ki, dövlət dilinin adı “Azərbaycan dili” olmalıdır.
Əlbəttə ki, Azərbaycan dili türk dilləri ailəsinə mənsubdur. Bu, bizim tarixi kökümüzdür, kimliyimizdir və bununla hər zaman qürur duyuruq. Ancaq Azərbaycan yeni müstəqilliyə addım atmışdı və həmin qərarla müstəqil dövlətimizin dili də Konstitusiyada öz adı ilə təsbit edildi. Düşünürəm ki, Ulu Öndərin bu mühüm tarixi qərarı milli ruhumuzun qorunması, Azərbaycanın müstəqil dövlət kimi hüquqi-siyasi mövqeyinin daha da möhkəmləndirilməsi baxımından son dərəcə strateji idi.
– Ulu Öndərin dil siyasətinin mühüm istiqamətlərindən biri də əlifba islahatı oldu. Bu prosesi necə dəyərləndirirsiniz?
– Bəli. Ulu Öndərin ana dilimizin gələcəyi naminə atdığı ən mühüm addımlardan biri ölkəmizdə latın qrafikalı əlifbanın tətbiq edilməsi oldu. Əlifba dəyişikliyi dövlətsəviyyəli böyük mədəni-ictimai hadisə idi və əlbəttə ki, asan proses deyildi. Görün neçə-neçə nəsillər kiril əlifbasını istifadə edirdi, oxuyurdu, yazırdı. Təhsil sistemi, nəşriyyat işi, dövlət sənədləşməsi və bütövlükdə informasiya məkanı kiril qrafikası üzərində qurulmuşdu. Bütün sistem yenidən təşkil olunmalı idi. Lakin biz bununla öz tarixi köklərimizə qayıdırdıq.
Bu gün keçmişə baxarkən, bir daha dərk edirik ki, bu islahat həm də Ulu Öndərin türk xalqları ilə əlaqələrin dərinləşməsi, Türk dünyası ilə yaxınlaşma siyasətinin mühüm tərkib hissəsi idi. Baxın, ölkəmizdə latın qrafikalı əlifbanın tətbiqi dərhal Türkiyə ilə münasibətlərin daha da yaxınlaşmasına öz töhfəsini verdi. Nəyə görə? Çünki türk xalqlarını bir-birinə bağlayan, qarşılıqlı inteqrasiyanı gücləndirən ən önəmli amillərdən biri ortaq dil və yazı mədəniyyətidir.
Bilirsiniz ki, müstəqillik qazandıqdan sonra Özbəkistan və Türkmənistan da latın qrafikalı əlifbaya keçid etdi. Qazaxıstanda da sözügedən istiqamətdə addımlar atılıb. Bu gün Özbəkistanda yenilənmiş latın əlifbasının mərhələli icrası başlanılır. Qısa müddət əvvəl Özbəkistan Parlamentinin Qanunvericilik Palatası müvafiq qanun layihəsini birinci oxunuşda qəbul edib. Bu, çox vacib məsələdir. Artıq bizim ortaq sözlərimiz vizual olaraq daha çox üzə çıxacaq, bir-birimizi daha rahat oxuyacaq, anlayacaq və zəngin müştərək irsimizi daha geniş şəkildə bölüşəcəyik.
Hesab edirəm ki, bəhs etdiyimiz əlifba islahatı yolunu tədricən bütün türk dövlətləri keçəcəklər. Çünki bu, zamanın qaçınılmaz tələbidir.