backend

Razi Nurullayev Dövlət Suverenliyi Gününə həsr edilən konfransda çıxış etdi

Azərbaycanın Dövlət Suverenliyi Günü yalnız dövlətçiliyimizin, torpaqlarımızın bütövlüyünün simvolu deyil, eyni zamanda bizlərin daha firavan, daha azad və hüquqlara hörmət edilən bir cəmiyyət qurmaq istiqamətində mübarizəmizin mühüm dönəmidir.

Dövlət suverenliyi dedikdə biz yalnız siyasi müstəqillikdən, ərazi bütövlüyümüzdən danışmırıq, həm də dövlətin güclü olması, onun idarəetmə institutlarının şəffaf və hesabatlı olmasını nəzərdə tuturuq. Bu suverenlik həm də iqtisadi sferada öz qərarlarımızı vermək, resurslarımızı səmərəli istifadə etmək və bütün vətəndaşlara bərabər imkanlar yaratmaq deməkdir.

Ölkəmiz bu istiqamətdə mühüm addımlar atıb, Prezident İlham Əliyev gərəkli, mühüm fərman və sərəncamlar imzalayıb. Sosial-iqtisadi sahədə islahatlar, dövlət idarəçiliyində şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə — bunlar iqtisadiyyatımızın və cəmiyyətimizin sağlamlaşdırılması üçün lazımlı göstəricilərdir. Bununla bərabər, görüləsi işlər və sağlamlaşdırmaya ehtiyac duyan məsələlər də çoxdur.

Suverenlik təkcə iqtisadi gücdə deyil; insan hüquq və azadlıqları, insan ləyaqətinə hörmət bu gücün əsas sütunudur. İnsan hüquqları, vicdan azadlığı, söz və mətbuat azadlığı, toplu hüquqlara hörmət — bunlar hər bir dövlətin, hər bir xalqın dəyəridir.

Azərbaycanda Konstitusiya islahatları çərçivəsində bu sahədə müəyyən yeniliklər, dəyişikliklər aparılıb ki, vətəndaşların hüquqları qanunla daha da yaxşı qorunur və qorunmalıdır. Amma, real həyatda da insan hüquq və azadlıqlarının daha yaxşı qorunması, insan ləyaqətinin təmini üçün çeşidli fəaliyyətlərə ehtiyac duyulur.

Sosial-iqtisadi islahatlardan danışsaq, bizdə məqsəd yalnız iqtisadi artımı təmin etmək olmamalıdır, həmçinin bu artımdan faydanın bütün təbəqələrə bərabər şəkildə çatmasını təmin etməkdir. Kənd təsərrüfatı, səhiyyə, təhsil sahələrində investisiyaların artırılması, regionların inkişafının dəstəklənməsi, sosial müdafiə sistemlərinin gücləndirilməsi — bunlar dövlətimizin suverenliyinin daha da möhkəm olması deməkdir.

Sonda demək istərdim ki, dövlət suverenliyi bizə həm məsuliyyət gətirir, həm də xalqımız, dövlətimiz naminə fədakarlıq etmək üçün ümid. Suveren dövlətimizi yuxarıda qeyd etdiyim məsələlər ətrafında idarə edilməsi xalqımızın rifahı, hüquqları və azadlıqları təmin edilməsi baxımından daha yaxşı nəticələr təmin edəcəkdir. İnanıram ki, gələcək illərdə bu böyük gün bizim nailiyyətlərimizin daha da artdığı dönəm olacaqdır.