backend

“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası: milli kimliyin və müasir inkişafın strateji modelidir

2026-cı il 14 yanvar tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası ölkənin mədəni inkişafının uzunmüddətli strateji istiqamətlərini müəyyən edən fundamental sənəddir. Konsepsiya müasir qlobal çağırışlar, regional proseslər və milli maraqlar nəzərə alınmaqla hazırlanmış, Azərbaycan mədəniyyətinin milli kimliyə əsaslanan müasir modelinin formalaşdırılmasını qarşıya məqsəd qoymuşdur.

Müasir Azərbaycan hüquqi, dünyəvi və demokratik dövlət kimi sosial rifahın və mədəni müxtəlifliyin təmin edilməsini əsas prioritetlərindən biri hesab edir. Dövlət suverenliyinin və ərazi bütövlüyünün tam bərpası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin azərbaycançılıq ideologiyasına əsaslanan yeni mədəniyyət siyasətinin formalaşdırılmasını zəruri etmişdir. Bu baxımdan Konsepsiya milli-mənəvi dəyərlərin qorunması ilə yanaşı, mədəniyyətin müasir sosial, iqtisadi və texnoloji proseslərə inteqrasiyasını təmin edir.
Konsepsiyanın əsas mahiyyəti mədəniyyətin həyat tərzinin ayrılmaz tərkib hissəsinə çevrilməsidir. Mədəniyyət fərdin yaradıcı potensialının inkişafında, cəmiyyətin sosial birliyinin möhkəmləndirilməsində və dövlətin strateji məqsədlərinə çatmasında mühüm rol oynayır. Bu model dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin formalaşmasına, eyni zamanda rəqabətli insan kapitalının və innovativ mühitin yaranmasına xidmət edir.
“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası mədəniyyətin əsas sahələrini — Azərbaycan dili, davranış mədəniyyəti, bilgi mədəniyyəti, ədəbiyyat, incəsənət və mədəni irsi əhatə edir. Konsepsiyada milli-mənəvi dəyərlər, tolerantlıq, tarixi şüur, dövlətçilik, hüququn aliliyi və azadlıq kimi dəyərlər Azərbaycan mədəniyyətinin əsas dayaqları kimi müəyyən edilmişdir.

Xüsusi vurğu Azərbaycan dilinin qorunmasına, inkişafına və beynəlxalq səviyyədə təbliğinə yönəldilmişdir.

Sənədin icrası üç mərhələdə — 2026–2030, 2031–2035 və 2036–2040-cı illərdə həyata keçiriləcəkdir. Hər bir mərhələnin tədbirlər planı əvvəlki mərhələnin nəticələrinin qiymətləndirilməsi əsasında hazırlanacaq. Konsepsiya çərçivəsində Azərbaycan dilinin və ədəbiyyatının inkişafı, mədəni və təbii irsin qorunması, incəsənətin və audiovizual sənayenin inkişafı, davranış və bilgi mədəniyyətinin formalaşdırılması, eləcə də mədəni və yaradıcı sənayenin genişləndirilməsi üzrə dövlət proqramlarının hazırlanması nəzərdə tutulur.
Konsepsiyada qlobal trendlər də xüsusi yer tutur. BMT-nin 2030 Dayanıqlı İnkişaf Gündəliyi, UNESCO-nun mədəni müxtəlifliyin qorunması ilə bağlı sənədləri, COP29 çərçivəsində irəli sürülmüş “İqlim üçün mədəniyyət” təşəbbüsü və Türk Dövlətləri Təşkilatının “Türk Dünyası – 2040” Vizyonu Azərbaycanın mədəniyyət siyasətinin beynəlxalq kontekstini müəyyən edir. Bu yanaşma mədəniyyətin yalnız milli deyil, həm də qlobal inkişaf amili kimi rolunu gücləndirir.
Eyni zamanda Konsepsiyada mövcud çağırışlar da ətraflı təhlil edilmişdir. Bunlara mədəniyyət sahəsində idarəetmənin təkmilləşdirilməsi, insan resurslarının inkişafı, maliyyə mənbələrinin diversifikasiyası, əqli mülkiyyət hüquqlarının qorunması, mədəniyyətin rəqəmsallaşdırılması və mədəniyyət diplomatiyasının gücləndirilməsi daxildir. Xüsusilə mədəni və yaradıcı sənayenin ÜDM-də payının artırılması və iqtisadiyyata inteqrasiyası əsas prioritetlərdən biri kimi göstərilir.

Nəticə etibarilə, deyə bilərik ki, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası milli kimliyin qorunması ilə müasir inkişaf arasında tarazlığı təmin edən, Azərbaycan mədəniyyətini qlobal mədəni proseslərin fəal iştirakçısına çevirən strateji sənəddir. Konsepsiyanın uğurla həyata keçirilməsi Azərbaycan mədəniyyətinin beynəlxalq nüfuzunun artmasına, mədəni irsin qorunmasına və gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verəcəkdir.

Ülviyyə Həmzəyeva
Milli Milli Məclisin deputatı