backend

Deputat:Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artdıqca düşmən qüvvələr də ölkəmizə qarşı təxribatları aktivləşdirməyə çalışır

Prezident cənab İlham Əliyevin "Sülh Şurası" toplantısına dəvət olunması ilə əlaqədar ABŞ-a səfəri müddətində yerləşdiyi otelin ətrafında bu ölkədə yaşayan, özlərini "siyasi mühacir" adlandıran bir neçə şərəfsiz, vətən xainləri təxribat törətməyə cəhd etdilər. Sözsüz ki, bu əvvəlcədən planlaşdırılmış, müəyyən qüvvələr tərəfindən hazırlanmış senarinin bir hissəsi idi.
Prezident cənab İlham Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövləti tək regionda deyil, beynəlxalq aləmdə baş verən siyasi proseslərə təsir göstərə biləcək söz sahibinə malik bir ölkəyə çevrilmişdir. Azərbaycanın dünyanın ən güclü dövləti olan ABŞ ilə Strateji Tərəfdaşlıq haqqında Xartiya imzalaması, Münhen Təhlükəsizlik Konfransında Avropanın aparıcı dövlətlərinin Azərbaycanı dünyanın siyasi, iqtisadi proseslərdə olduqca önəmli bir dövlət olduğunu vurğulamaları ölkəmizin diplomatik sahədə olduqca böyük uğur qazanmasının nümunəsidir. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artdıqca düşmən qüvvələr də ölkəmizə qarşı təxribatları aktivləşdirməyə çalışır. ABŞ və Avropa ilə yanaşı ölkəmizin daxilində də dövlətimizə və dövlət başçımıza qarşı təxribatçı hərəkətləri hazırlayan mərkəzlərin olması şübhə doğurmur. ABŞ-da Erməni Milli Komitəsi ilə sıx əlaqədə olan konqresmen Frenk Palloni, Avropa Parlamentində Avropadakı erməni lobbisinin əlində oyuncağa çevrilən korrupsioner deputatlar, eləcə də ölkəmizin daxilində Ramiz Mehdiyevin əlaltıları olan Əli Kərimli və onun silahdaşlarının hərəkətləri dövlətimizə qarşı yönəlmiş alçaq planların tərkib hissəsidir. Əlbəttə ki, xaricdə yaşayan əxlaqsız, şərəfsiz, pula görə dövlətini, xalqını satan bir qrup "bloqerlər" də bu oyunda iştirak edən xırda tör-tökünlülərdir.
Düşmən qüvvələr heç zaman xalq-iqtidar birliyinə zərrə qədər də ziyan vura bilməz. Azərbaycan xalqı müdrik xalqdır və bu xalqın milli maraqlarını hər şeydən uca tutan güclü, cəsarətli, dünyanın bir çox dövlət və hökumət başçılarının böyük Lider adlandırdıqları İlham Əliyev kimi Prezidenti və Ali Baş Komandanı var.

Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor