Qaynarxett.az xəbər verir ki, tədbirin əsas məqsədi Xocalı həqiqətlərinin daha geniş auditoriyaya, o cümlədən beynəlxalq ictimaiyyətə çatdırılması, gənclərin tarixi yaddaşının möhkəmləndirilməsi və onların vətənpərvərlik ruhunda tərbiyə olunmasına töhfə vermək olub. Çıxış edənlər Xocalı soyqırımının Azərbaycan xalqının yaddaşında silinməz iz buraxdığını vurğulayaraq, bu həqiqətlərin dünya miqyasında tanıdılmasının hər bir vətəndaşın borcu olduğunu bildiriblər.
Yarış çərçivəsində iştirakçılar Xocalı faciəsinin tarixi, siyasi və hüquqi aspektləri ilə bağlı sualları cavablandırıb, bilik və dünyagörüşlərini nümayiş etdiriblər. Qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılıb.
Mövzu ilə bağlı paylaşım edən Gəncədən seçilmiş Milli Məclisin deputatı Pərvin Kərimzadə gənclərin bu cür maarifləndirici tədbirlərdə fəal iştirakının xüsusi əhəmiyyət daşıdığını qeyd edib və Xocalı həqiqətlərinin gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb. Deputat bildirib ki, tarixi ədalətin bərpası istiqamətində aparılan informasiya mübarizəsində gənclərin rolu danılmazdır.


