backend

"ABŞ ilə əməkdaşlığımız Zəngəzur üzərindən yaşıl dəhlizin yaradılmasını reallaşdıracaq" - Azər Badamov

Martın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi açıqlamalar dünya mediasını zəbt etməkdədir. Dövlət başçısı ölkəsinin strateji prioritetləri və beynəlxalq əməkdaşlıq perspektivlərinə dair mühüm mesajlar verdi.

Prezident vurğulayıb ki, dünyanın ən qüdrətli dövləti olan Amerika Birləşmiş Ştatları ilə möhkəm strateji tərəfdaşlıq münasibətləri Azərbaycanın inkişaf planlarının həyata keçirilməsini reallaşdırır.

Prezidentin sözləri bir daha göstərir ki, Bakı yalnız regional deyil, qlobal əməkdaşlıq və təhlükəsizlik kontekstində də strateji oyunçu kimi mövqeyini gücləndirməyi hədəfləyir.

Bu açıqlamalar həm də regionda sabitliyin qorunması və Azərbaycan üçün strateji təhlükəsizlik

zəmanətinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Prezidentin vurğuladığı “planların gerçəkləşməsi tamamilə real görünür” ifadəsi ölkəsinin qarşıdakı illərdə siyasi və iqtisadi prioritetlərini daha inamlı şəkildə həyata keçirəcəyinin siqnalı kimi qəbul edilir.

Milli Məclisin deputatı Azər Badamov Musavat.com-da diqqətlərə çatdırdı ki, Azərbaycan beynəlxalq əlaqələrdə ABŞ-la əməkdaşlığa önəm verir: "ABŞ-la strateji tərəfdaş olmağımız ölkəmizin süni inteleket, enerji və bir çox layihələrin həyata keçirilməsini sürətləndirəcək. Ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasına əsasən iqtisadi əməkdaşlığımız dərinləşəcək və yeni investisiya layihələri icra olunacaq.

Azərbaycan yeni data mərkəzləri və süni inteleketin inkişafının sürətləndirilməsi ilə bağlı hədəfləri müəyyən edib. Təbii ki, bu məqsədləri həyata keçirmək üçün böyük dayanıqlı enerji potensialımız olmalıdır. Bu gün ölkəmizin daxili tələbatından əlavə istehsal olunan 2 Geqavat bərpa olunan enerji gücü yeni sahələrin inkişaf etdirilməsi üçün enerji təminatı yaradacaqdır. O cümlədən Tramp yolunun inşa olunması yeni bağlantı layihələrin ərsəyə gətirilməsinə imkan verəcək. Belə ki, 2032-ci ilə qədər ölkəmizdə 8 gigavatt bərpaolunan enerji istehsal olunacaq. Təbii ki, məqsədimiz istehsal edilən bərpa olunan enerjini Avropaya ixrac etməkdir. Bu baxımdan ABŞ-la əməkdaşlığımız Zəngəzur dəhlizi üzərindən yaşıl dəhlizin yaradılmasını reallaşdıracaq. Həm də gələcəkdə Zəngəzur dəhlizindən rəqəmsal və qaz ixrac marşurutları da tikiləcəkdir. Ümumiyyətlə, Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq regionumuza sülh, inkişaf və böyük iqtisadi layihələrin ərsəyə gəlməsinə töhfə verəcək.
Bu baxımdan deyə bilərik ki, həm də ABŞ-la strateji tərəfdaşlıq Azərbaycanın gələcək planlarının həyata keçməsində mühüm rol oynayacaq. Bu plan və təşəbbüslər artıq real perspektivə malikdir.

Cavanşir Abbaslı