backend

Razi Nurullayev əlillik təyinatı ilə bağlı problemləri gündəmə gətirib

Milli Məclisin plenar iclasında çıxış edən Razi Nurullayev əlillik təyinatı ilə bağlı vətəndaşların üzləşdiyi çətinliklərdən danışıb.

Deputat bildirib ki, son dövrlərdə seçicilərlə keçirdiyi görüşlər zamanı ən çox qaldırılan məsələlərdən biri məhz əlillik dərəcəsinin müəyyən olunması prosesində yaranan problemlərdir. Onun sözlərinə görə, bu çətinliklər xüsusilə ağır xəstələr və müharibə veteranları üçün ciddi narahatlıq yaradır.

R.Nurullayev qeyd edib ki, vətəndaşlar tibbi sənədlərin toplanması, müxtəlif instansiyalara müraciətlər və elektron sistem üzərindən edilən müraciətlərin nəticəsini gözləmək baxımından uzun və mürəkkəb prosedurlarla üzləşirlər. Bəzi hallarda isə verilən qərarlarla razılaşmayan şəxslər yenidən müraciət etməyə məcbur qalır ki, bu da onların fiziki və psixoloji vəziyyətinə əlavə yük yaradır.

Deputat xüsusi vurğulayıb ki, bu problemlər müharibə veteranlarına da aiddir. Sağlamlığını itirmiş şəxslərin uzun müddət əlillik dərəcəsinin təyin olunmasını gözləməsi və ya qərarlarla bağlı sualların yaranması cəmiyyətdə narazılıq doğurur. Sosial şəbəkələrdə yayılan müraciətlərin də problemin geniş miqyasda olduğunu göstərdiyi diqqətə çatdırılıb.

Bununla yanaşı, o qeyd edib ki, son illərdə sosial müdafiə sahəsində aparılan islahatlar, xüsusilə əlilliyin təyin olunması prosesinin elektronlaşdırılması şəffaflığın artırılması baxımından mühüm addımdır. Lakin mövcud mexanizmlərin hələ də bütün hallarda vətəndaşlar üçün operativ və rahat işləmədiyi vurğulanıb.

R.Nurullayev çıxışında bir sıra təkliflər də səsləndirib. O, əlillik təyinatı prosedurlarının sadələşdirilməsinin, tibbi sənədlərin toplanması prosesinin asanlaşdırılmasının vacibliyini qeyd edib. Həmçinin müharibə veteranları, ağır xəstələr və sosial baxımdan həssas qruplar üçün sürətləndirilmiş mexanizmin tətbiqinin zəruriliyini bildirib.

Deputat əlavə edib ki, vətəndaşların verilən qərarlarla razılaşmadığı hallarda daha operativ və şəffaf apellyasiya mexanizminin təmin olunması da mühüm əhəmiyyət kəsb edir.

Sonda o vurğulayıb ki, əlillik məsələsinə yalnız texniki prosedur kimi deyil, sosial ədalət və insan ləyaqəti məsələsi kimi yanaşılmalıdır. Onun fikrincə, bu sahədə mövcud problemlərin aradan qaldırılması vətəndaş məmnuniyyətinin artırılmasına və sosial müdafiə sisteminə ictimai etimadın güclənməsinə xidmət edəcək.