backend

Bu göstərici Azərbaycanın təhlükəsizlik siyasətinin effektivliyini nümayiş etdirir - Deputat

“Global Terrorism Index 2026” hesabatında Azərbaycanın terror təhlükəsinə görə 93-cü yerdə qərarlaşması ölkədə təhlükəsizlik mühitinin sabit və nəzarət altında olduğunu göstərən mühüm göstərici kimi dəyərləndirilir. Qlobal miqyasda terror risklərinin artdığı bir dövrdə Azərbaycanın aşağı riskli ölkələr sırasında yer alması diqqət çəkən məqamlardandır. Mütəxəssislər bu nəticəni ölkədə həyata keçirilən ardıcıl təhlükəsizlik siyasəti, hüquq-mühafizə orqanlarının effektiv fəaliyyəti və cəmiyyətdə mövcud sabit ictimai mühitlə əlaqələndirirlər. Qeyd olunur ki, Azərbaycanın reytinqdə tutduğu mövqe təkcə statistik göstərici deyil, eyni zamanda ölkənin təhlükəsizlik sahəsində əldə etdiyi nəticələrin real ifadəsi kimi çıxış edir.
Milli Məclisin deputatı Jalə Əliyeva Hafta.az-a açıqlamasında bildirib ki, “Global Terrorism Index 2026” hesabatında Azərbaycanın 93-cü yerdə qərarlaşması ölkənin terror təhlükəsi baxımından dünyada ən təhlükəsiz dövlətlər sırasına daxil edildiyini göstərir. Bu indeks Institute for Economics and Peace tərəfindən hazırlanır və terror hadisələrinin sayı, ölənlər, yaralananlar, girovlar və ümumi terror təsiri kimi göstəricilər əsasında 163 ölkə üzrə qiymətləndirmə aparılır.
J.Əliyeva hesab edir ki, Azərbaycanın 93-cü yerdə qərarlaşması ilk növbədə terror təhlükəsinin minimal səviyyədə olması ilə izah edilir. İndeksdə aşağı sıralarda qərarlaşmaq ölkədə terror hadisələrinin az olduğunu və təhlükəsizlik mühitinin sabit olduğunu göstərir. Bu, Azərbaycanın daxili təhlükəsizlik sisteminin effektiv işlədiyini göstərən əsas indikatorlardan biridir. Bu göstərici digər tərəfdən dövlətin təhlükəsizlik siyasətinin effektivliyini nümayiş etdirir.
“93-cü yer Azərbaycanın terrorla mübarizə və preventiv təhlükəsizlik mexanizmlərinin nəticə verdiyini göstərir. Bu, hüquq-mühafizə orqanlarının, xüsusi xidmət strukturlarının və sərhəd nəzarət sisteminin koordinasiyalı fəaliyyətinin nəticəsidir. Digər əhəmiyyətli bir amil beynəlxalq reytinqlərdə müsbət imicin formalaşmasıdır. Bu mövqe Azərbaycanın beynəlxalq təhlükəsizlik və sabitlik göstəricilərində müsbət reputasiyaya malik olduğunu nümayiş etdirir. İnvestisiya mühiti, turizm və regional əməkdaşlıq baxımından da bu cür reytinqlər ölkənin etibarlı tərəfdaş kimi qəbul olunmasına təsir edir”, – deputat deyib.
Azərbaycanda terror təhlükəsinin aşağı olmasına təsir edən xüsusiyətlərə gəlincə, J.Əliyeva burada bir neçə amilə diqqət çəkib:
“Azərbaycanda hüquq-mühafizə və təhlükəsizlik qurumları potensial terror risklərini erkən mərhələdə müəyyənləşdirərək qarşısını alır. Antiterror əməliyyatları və operativ nəzarət sistemi risklərin minimuma endirilməsinə imkan yaradır. Ölkəmizdə,  eyni zamanda, sərhəd və regional nəzarətin gücləndirilməsi böyük önəmə malikdir. Azərbaycanın coğrafi mövqeyi regionda strateji əhəmiyyət daşısa da, sərhəd təhlükəsizliyinin gücləndirilməsi, miqrasiya və tranzit axınlarına nəzarət terror risklərini azaldan əsas faktorlardandır. O cümlədən, ölkədə dini və etnik tolerantlıq mühiti bərqərardır. Azərbaycanda multikultural və tolerant cəmiyyət modeli radikal ideologiyaların yayılmasının qarşısını alan mühüm sosial faktordur. Dini radikalizmin zəif olması terror təşkilatlarının sosial baza formalaşdırmasını çətinləşdirir. Azərbaycanda regional sabitlik siyasətinin bir digər önəmli faktoru kimi, bunu da qeyd etməliyik ki, balanslaşdırılmış xarici siyasət və regional təhlükəsizlik təşəbbüsləri ölkəni beynəlxalq terror şəbəkələrinin hədəfinə çevirmir. Bu faktor da özlüyündə risklərin aşağı səviyyədə qalmasına səbəb olur.
Hesabatda vurğulanır ki, hazırda Azərbaycan təhlükəsizlik baxımından bir çox inkişaf etmiş ölkələrlə müqayisədə böyük uğurlar əldə edib. Ölkədə günün istənilən vaxtı rahatlıqla küçəyə çıxmaq mümkündür, gecə saatlarında belə istənilən yerə getmək təhlükəsizdir. Bu yalnız yerli sakinlər tərəfindən deyil, ölkəyə gələn turistlər və xarici qonaqlar tərəfindən də təsdiqlənir”.
Deputat qeyd edir ki, Azərbaycan, xüsusilə 1990-cı illərin əvvəllərində erməni terrorizminin hədəfi olmuşdu. Metro, qatar və digər ictimai yerlərdə baş vermiş terror aktları, həmçinin kriminal problemlər ciddi təhlükə yaradırdı. Buna baxmayaraq, hüquq-mühafizə və xüsusi xidmət orqanlarının peşəkarlığı sayəsində bu risklər minimuma endirilib, potensial terror aktları önlənib:
“Nəticədə, Azərbaycan qlobal terrorizm indeksində əsas təhlükəsiz ölkələr sırasında yer alır. Bu nailiyyət hüquq-mühafizə, xüsusi xidmət və diplomatik qurumlarımızın yüksək peşəkarlığı sayəsində mümkün olub”.