backend

“Sülh və Barışıq üçün Gernika Mükafatı” Azərbaycanın qlobal rolunu bir daha təsdiqlədi

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Sülh və Barışıq üçün Gernika Mükafatı”na layiq görülməsi həm fərdi siyasi fəaliyyətinin qiymətləndirilməsi, eyni zamanda Azərbaycanın son illərdə regionda formalaşdırmağa çalışdığı yeni təhlükəsizlik və əməkdaşlıq modelinə verilən beynəlxalq dəyərdir.

Milli Məclisin deputatı Fatma Yıldırım görüşlə bağlı Qaynarxett.az-a açıqlama verərək bildirib ki, bu mükafatın mahiyyəti nəzərə alındıqda, əsas meyarın məhz münaqişələrə son qoyulması, dialoqun təşviqi və dayanıqlı sülhün qurulması olduğu aydın görünür. Məhz bu kontekstdə Azərbaycanın post-münaqişə dövründə atdığı addımlar xüsusi əhəmiyyət kəsb edir. 44 günlük müharibədən sonra regionda yaranmış yeni reallıqlar fonunda rəsmi Bakı yalnız hərbi nəticələrlə kifayətlənməyərək, paralel şəkildə sülh gündəliyini ön plana çıxarıb. Ermənistanla sülh sazişi təşəbbüsü, sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlamaq çağırışları, kommunikasiya xətlərinin açılması istiqamətində irəli sürülən təkliflər bu siyasətin konkret təzahürləridir.

Digər tərəfdən, Azərbaycanın beynəlxalq platformalarda ardıcıl şəkildə irəli sürdüyü multilateral əməkdaşlıq təşəbbüsləri də diqqətdən kənarda qalmır. Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkəmizin dialoq və ədalətli yanaşma prinsiplərini önə çəkməsi, müxtəlif qlobal forumlara ev sahibliyi etməsi və fərqli tərəflər arasında körpü rolunu oynamaq cəhdləri bu mükafatın verilməsini şərtləndirən amillər sırasındadır.
Eyni zamanda, regionda davamlı sülhün təmin olunması üçün real iqtisadi və infrastruktur layihələrinin də vacib olduğu vurğulanmalıdır. Zəngəzur dəhlizi ideyası, azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri və bu ərazilərin gələcəkdə regional əməkdaşlıq məkanına çevrilməsi vizyonu sülhün praktiki əsaslarını formalaşdırır.

Nəticə etibarilə, bu mükafat möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sülh siyasəti ilə yanaşı, diplomatiyanı və dialoqu prioritet hesab edən yanaşmasının beynəlxalq səviyyədə qəbul olunduğunu göstərir. Bu yanaşma, Cənubi Qafqazda uzunmüddətli sabitliyin və qarşılıqlı etimadın formalaşmasına real zəmin yarada bilər.