Görüş zamanı deputat müəllimlərin cəmiyyətin ziyalı təbəqəsi olduğunu vurğulayaraq, onların fikirlərini dinləməyin mövcud problemlərin müəyyənləşdirilməsi və həlli baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, bu gün Azərbaycanda bir çox müəllim hələ də ciddi sosial çətinliklərlə üz-üzə qalır.
Deputat ümid etdiyini bildirib ki, yaxın gələcəkdə müəllimlər sosial problemlərlə deyil, birbaşa şagirdlərin təhsili ilə məşğul ola biləcəklər. Hazırda isə müəllimlərin iş şəraitinin yaxşılaşdırılması, imkanlarının genişləndirilməsi və əmək haqlarının artırılması istiqamətində işlərin davam etdiyini, lakin bu prosesin zaman tələb etdiyini qeyd edib.
Görüş çərçivəsində məktəbin mövcud vəziyyəti ilə də tanış olan deputat bildirib ki, Məmmədli kəndində fəaliyyət göstərən 96 şagird yerlik mobil məktəb müəllim kollektivi tərəfindən birmənalı qarşılanmır. Onun sözlərinə görə, köhnə məktəb binasının daha möhkəm və yararlı olması fonunda təmir variantı da nəzərdən keçirilə bilərdi.
Müəllimlər xüsusilə iş şəraiti ilə bağlı narazılıqlarını diqqətə çatdırıblar. Bildirilib ki, müəllimlər otağı olduqca kiçikdir və burada eyni vaxtda maksimum 5 nəfərin işləməsi mümkündür. Deputat da yerində baxış zamanı bu problemi təsdiqləyib.
Razi Nurullayev hesab edir ki, mobil məktəblərin tikintisində minimum standartlar mütləq nəzərə alınmalıdır ki, müəllimlər və şagirdlər üçün daha əlverişli şərait yaradılsın.
Sonda deputat müəllim kollektivi ilə səmimi fikir mübadiləsi apardığını və bu görüşün onun yaddaşında uzun müddət qalacağını vurğulayıb.








