Füzuli Rayon İcra Hakimiyyətinin, YAP Füzuli rayon təşkilatının və Füzuli Mərkəzi Rayon Xəstəxanasının birgə təşkilatçılığı ilə Füzuli Tibb Mərkəzinin akt zalında keçirilən tədbirdə Füzuli RİH-nin başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, Füzuli Mərkəzi Rayon Xəstəxanası PHŞ-nin direktoru Elçin Qurbanov, Ağsaqqallar Şurasının Sədri, həkim Zülfüqar Əliyev və həkimlər iştirak etdilər.
Tədbir başlamazdan əvvəl Dövlət Himni səsləndi, Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın, eləcə də bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin ən yaxın sirdaşı olan, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi Azərbaycana bəxş edən ana kimi, eləcə də oftalmologiyanın inkişafında xüsusi xidmətlərə malik həkim olaraq Zərifə xanımın fədakarlığından, nümunəvi həyat yolundan söz açdı. Alı Alıyev Zərifə xanım Əliyevanın həkim, ictimai xadim, qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı olaraq əsil Azərbaycan xanımı nümunəsini yaratdığını diqqətə çatdırdı.
YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva çıxış edərək, müasir, müstəqil Azərbaycanın uğurlarında, tərəqqisində Zərifə xanım Əliyevanın mənəvi haqqının olduğunu bildirdi. Nazimə Şamıyeva istər çalışdığı elm sahəsində, istər ictimai sahədə, istərsə də ailə mühitində əsil zəriflik, müdriklik nümunəsi olan Zərifə xanım Əliyevanın Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyatında və uğurlarında müstəsna rol oynadığını bir daha vurğuladı.
Daha sonra Füzuli Mərkəzi Rayon Xəstəxanası PHŞ-nin direktoru, həkim Elçin Qurbanov, Rayon Ağsaqqallar Şurasının sədri, həkim Zülfüqar Əliyev və Horadiz ASM-in baş həkimi Azər Məmmədov Zərifə xanım Əliyevanın tibb elminin ən vacib sahələrindən olan oftalmologiyanın inkişafına verdiyi töhfələrdən və elmi fəaliyyətindən bəhs edən geniş məruzələrlə çıxış etdilər.
Sonda Akademik Zərifə xanım Əliyeva haqqında videoçarx izlənildi.




