Azərbaycan tarixində qadına olan münasibət həmişə diqqət mərkəzində olub. Cənnət anaların ayaqları altındadır kəlamı bizi həmişə qadınlara olan münasibətdə səbrli, ədalətli, səmimi olmağa çağırır. Hər bir qadın hər şeydən əvvəl anadlr, övlad sahibidir, həyat yoldaşının dayağıdır. Bu mənada akademik Zərifə xanım Əliyeva həyat və fəaliyyəti ilə Azərbaycan qadınlarına örnəkdir.
Zərifə xanım Azərbaycan tarixində xüsusi xidmətləri olan Əziz Əliyevin ailəsində dünyaya göz açdı. Əziz Əliyev İrəvanda orta məktəb , Sankt-Peterburqda Tibb İnstitutunu bitirdi, Bakıya gəldi, Tibb İnstitutunun rektoru, Bakı Dövlət Universitetinin rektoru, Mərkəzi Komitənin katibi, Səhiyyə naziri və digər məsul vəzifələrdə vicdanla çalışdı.
İkinci Dünya müharibəsinin ilk illərində Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvəri hərəkatını düzgün məcraya yönəltmək üçün Cənuba göndərildi və etimadı doğrultdu. Az sonra faşistlərin Şimali Qafqazı işğal edərək Dağıstana hücumu ərəfəsində hərbi xidmətdən imtina edən dağlıları vətəni qorumağa səfərbər etmək, Dağıstan əhalisini sürgündən və Bakını düşmən işğalından qurtarmaq üçün təşkilatçı bir rəhbərə ehtiyac var idi. Belə bir rəhbər var idi. Azərbaycan rəhbərliyi Dağıstanı idarə etmək üçün Əziz Əliyevin namizədliyini irəli sürdü və sovet rəhbəri bu təqdimatı qəbul etdi. Qısa zaman kəsiyində Əziz Əliyev bütün Dağıstanı faşizmə qarşı mübarizəyə səfərbər etdi. Düşmən nə Dağıstana girə bildi, nə də Bakı neftinə sahib ola bildi.
Zərifə xanım belə bir ailənin övladı idi. Orta məktəbi bitirəndən sonra atası kimi həkim olmaq arzusunda idi. Elə bil ixtisas seçmək istəyirdi ki, əməli işi ilə hamıya göstərsin ki, o da atası kimi Vətənini sevir, xalqına xidmət etmək üçün hər cür çətinliklərə hazırdır. Zərifə xanım oftalmoloq həkim kimi işə başladı. Eyni zamanda göz xəstəlikləri sahəsində elmi tədqiqat işlərini davam etdirməyə başladı. Həmin illərdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və həyata keçirilməsində fəal iştirak edir, bu xəstəliyin geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara mühazirələr oxuyurdu. Zərifə xanımın traxomaya qarşı müalicə üsulu bütün respublikada tətbiq olunmağa başladı.
Tale Zərifə xanıma Əziz Əliyev kimi tanınmış bir ata qismət etmişdi. Bu Zərifə xanımın həyatında sonuncu uğur deyildi. Keçən əsrin ortalarında Zərifə xanımın həyatında daha böyük bir hadisə baş verdi. Zərifə xanım müstəqil Azərbaycan dövlətinin qurucusu, SSRİ adlı nəhəng dövləti idarə edən yeganə türk-müsəlman, ümummilli lider Heydər Əliyevin həyat yoldaşı oldu. Həkim, ana Zərifə Əliyeva Heydər Əliyevə dayaq oldu, həm övladlarını tərbiyə etdi, həm həkim kimi kimsəsiz uşaqlara dayaq oldu, həm də elmi tədqiqatlarını davam etdirdi.
Zərifə xanım həkim kimi böyük şöhrət qazandı. Tibb elmləri doktoru elmi dərəcəsini aldı, Həkimləri Təkmilləşdirmə İnstitunun Oftalmologiya kafedrasının professoru seçilir. Oftalmologiya üzrə çox sayda əsərlərin çap olunmasına nail oldu. M.İ.Averbax adına mükafata layiq görülən ilk azərbaycanlı qadın oldu.
Zərifə xanım 150-dən çox elmi əsərin, 10 monoqrafiyanın və 12 səmərələşdirici təklifin müəllifi olmuşdur.
Akademik Zərifə Əliyeva Azərbaycanın ictimai həyatında da mühüm xidmətləri olan bir ziyalıdır. O, SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Oftalmoloqların Elmi Cəmiyyətin İdarə Heyətinin üzvü, Bilik Cəmiyyəti İdarə Heyətinin üzvü, Azərbaycanın Əməkdar elm xadimi fəxri adını almışdı.
Zərifə xanım həm də Vətənə məhəbbət ruhunda iki övlad boya-başa çatdırdı. Həyat yoldaşı, böyük dövlət adamı Heydər Əliyev Moskvaya Sovet dövlətinin idarəçiliyinə dəvət olunanda Zərifə xanım da iki övladı ilə həyat yoldaşının yanında idi, həm onun qazandığı nufuzu ilə fəxr edir, həm də onu hər cür qara qüvvələrdən qoruyurdu. Amansız ölüm hər şeyi yarımçıq qoydu. Zərifə xanım ömrünün ən məhsuldar dövründə 62 yaşında həyatla vidalaşdı.
…İllər keçəcək, Sovet dövləti süqut edəcək. Azərbaycan dövlət müstəqilliyini bərpa edəcək, ancaq müstəqilliyin şirinliyini dada bilməyəcək. Daşnak qüvvələri Azərbaycanın 20 faiz torpağını işğal etdi. Azərbaycan xalqı özünə və dövlətinə ümid bildiyi Heydər Əliyevi köməyə çağırdı. Heydər Əliyev gəldi və müstəqil Azərbaycanı bütün təhlükələrdən qorudu. On il ərzində Azərbaycanı idarə etdi və düşmən işğalına son qoymaq üçün Azərbaycan xalqını İlham Əliyev ətrafında sıx birləşməyə çağırdı. Azərbaycan xalqı İlham Əliyev ətrafında dəmir yumruq kimi birləşdi. Xalqının etimadını qazanan, on yeddi illik hakimiyyəti dövründə güclü ordu, “ Əsrin müqaviləsi” nin işə düşməsi ilə güclü iqtisadiyyat yaradan Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən Müharibəsi nəficəsində düşməni darmadağın etdi, Qarabağ və Şərqi Zəngəzur düşmən işğalından azad edildi. Yüz il bundan əvvəl Moskvanın təkidilə yaradılan muxtar qurum Azərbaycanın tarixindən silindi.
Doğrudur, Azərbaycan Respublikasının Prezidenti bu uğurları qazananda, Azərbaycanı qalib dövlətlərin cərgəsinə daxil edəndə Zərifə xanım və Heydər Əliyev həyatda yox idilər. Amma Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi.
Akademik Zərifə Əliyeva haqqında ən xoş sözlər Ümummilli lider, Zərifə xanımın həyat yoldaşı Heydər Əliyevə məxsusdur. Heydər Əliyev yazır:” Öz adını tarixin səhifələrində əbədiləşdirən, xatirələrdə hər zaman hörmətlə anılan, sayğı ilə yada salınan unudulmaz şəxsiyyətlərdən oldu. Çünki böyük Yaradan ona elə böyük ürək bəxş edib, qəlbinə elə parlaq nur çiləmişdi ki, onunla rastlaşan, ünsiyyətdə olan hər bir kəs ilk növbədə özündə ümid, təsəlli, inam, sakitlik tapar, könülləri xeyirxahlıq şəfəqinin şölələri ilə işıqlanardı. O, insanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi.”
Azərbaycan Respublikasının Prezidenti, Qarabağın Fatehi İlham Əliyev cənabları anası Zərifə xanım haqqında yazır:” Mənim anamın həyat fəlsəfəsinin köklərini, hər şeydən əvvəl, onun uşaqlığında axtarmaq lazımdır. O, bizə tez-tez deyərdi ki, uşaqlıq- insan həyatının çox mühüm dövrüdür və heç nə bu dövrü əvəz edə bilməz. Uşaqlıq- insanın ömrü boyu təkrar-təkrar müraciət etdiyi dünyadır. İnsan xeyirxahlığın, şəfqətin nə olduğunu uşaqlıqda dərk edir. O, çox xoşbəxt uşaq olub, uşaqlıq onun yaddaşında məhəbbət və əziz xatirələr mənbəyi kimi qalmışdı.” Azərbaycan Prezidenti daha sonra yazır:” Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər, mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir.”
Ümummilli lider Heydər Əliyevin həyat yoldaşı, 200 ildən sonra Azərbaycan torpaqlarını geri alan, Azərbaycanın dövlət suverenliyini bərpa edən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Azərbaycan xalqına bəxş edən Zərifə xanım həmişə xatirələrdə yaşayacaqdır. Allah rəhmət eləsin!
Anar İsgəndərov
Milli Məclisin ddputatı
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət







