backend

Strateji tərəfdaşlıq: Azərbaycan və Çexiya əlaqələri dərinləşir

Aprelin 27-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Çexiya Respublikasının baş naziri Andrey Babiş arasında keçirilən görüş iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva Qaynarxett.az-a görüşlə bağlı açıqlama verərək bildirib ki,Azərbaycanın Avropa dövlətlərinin enerji təhlükəsizliyinə böyük töhfə verdiyini bu ölkələrin dövlət və hökumət başçıları çox yüksək qiymətləndirirlər. Bu gün ölkəmizin bir çox Avropa dövlətləri ilə sıx siyasi və iqtisadi əlaqələri mövcuddur və bu dövlətlərlə strateji tərəfdaşlıq haqqında bəyanamələr imzalanıb.

Bu dövlətlərdən biri də Çexiya Respublikasıdır. Azərbaycanla Çexiya Respublikası arasında 2015-ci ildə strateji tərəfdaşlıq haqqında bəyanamə imzalanmışdır.

Aprelin 27-də Çexiya Respublikasının baş naziri Andrey Babişin ölkəmizə səfəri bu əlaqələrin daha da dərinləşdirilməsinə və inkişaf etdirilməsinə böyük təkan verəcək. Çexiya, İtaliyadan sonra Azərbaycandan neft tədarük edən ikinci Avropa ölkəsidir və bu ölkənin neftə olan tələbatının 42 faizini Azərbaycan qarşılayır. Çexiya Respublikasının baş naziri böyük heyətlə, 50-yə qədər şirkət rəhbərləri ilə ölkəmizə gəlmişdir ki, bu da iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın hərtərəfli inkişaf etdirilməsindən xəbər verir.

Həm təkbətək görüşlərdə, həm də keçirilən biznes forumda Prezident cənab İlham Əliyev və baş nazir Andrey Babiş iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu və mövcud əlaqələrin daha da inkişaf etdiriləcəyini xüsusi vurğuladılar. Mətbuata verilən bəyanatda da hər iki lider beynəlxalq və regional məsələlərin həlli istiqamətində mövqelərinin üst-üstə düşdüyünü qeyd etdilər.

Çexiyanın Baş naziri Azərbaycanın təkcə regionda deyil, qlobal səviyyədə də olduqca önəmli dövlət olduğunu və ölkəmizin siyasi nüfuzunun durmadan artdığını xüsusi vurğuladı. Azərbaycanla Çexiya arasında, xüsusilə iqtisadiyyat, enerji, investisiya və infrastruktur sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi barədə bir çox sənədlər imzalandı. Xüsusilə iki dövlət arasında müdafiə sənayesində birgə əməkdaşlıq haqqında razılaşma əldə olundu.

Azərbaycan və Çexiya arasında dostluq və tərəfdaşlıq əlaqələri Avropanın enerji təhlükəsizliyinə və regionun sabitliyinə də müsbət töhfələr verəcək.