backend

Deputat: “Çexiya strateji baxımdan önəmli tərəfdaşdır”

Aprelin 27-də Qəbələ şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çex Respublikasının Baş naziri Andrey Babiş arasında rəsmi görüş keçirilib.

Milli Məclisin deputatı Fariz İsmayılzadə görüşlə bağlı Qaynarxett.az-a açıqlama verərək bildirib ki, hər iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur. Onun sözlərinə görə, Çexiya ənənəvi olaraq Azərbaycandan neft və neft məhsulları idxal edir və bu sahə ikitərəfli iqtisadi əlaqələrin əsas istiqamətlərindən biridir.

Deputat qeyd edib ki, gələcəkdə qaz ixracı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin hərbi sənaye sahəsində birgə istehsal, zavodların yaradılması və yeni iş yerlərinin açılması istiqamətində ciddi imkanlar mövcuddur.

Bundan əlavə, qeyri-iqtisadi sahələrdə də əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Xüsusilə insan kapitalının inkişafı, tələbə mübadiləsi, elmi əməkdaşlıq və turizm sahəsində əlaqələrin gücləndirilməsi üçün böyük potensial olduğu bildirilib.

Qeyd olunub ki, Çexiyanın həm Avropa İttifaqının, həm də NATO-nun üzvü olması bu ölkə ilə münasibətlərin Azərbaycanın xarici siyasətində strateji əhəmiyyətini daha da artırır.