backend

Azər Kərimli: Azərbaycan qlobal enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilib

“Müasir dünyada enerji artıq təkcə iqtisadi resurs deyil, həm də milli təhlükəsizliyin, geosiyasi sabitliyin və beynəlxalq əməkdaşlığın əsas elementlərindən birinə çevrilib. Son illərdə qlobal enerji bazarlarında yaşanan dəyişikliklər, müxtəlif regionlarda baş verən böhranlar və enerji marşrutlarının yenidən formalaşması fonunda Azərbaycanın rolu daha da artıb. Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində səsləndirdiyi fikirlər də ölkəmizin qlobal enerji təhlükəsizliyində oynadığı mühüm rolu bir daha nümayiş etdirdi. Azərbaycanın enerji siyasətinin ən mühüm nailiyyətlərindən biri etibarlı və uzunmüddətli enerji infrastrukturu yaratmasıdır. Dövlət başçısının vurğuladığı kimi, ölkəmiz illər ərzində milyardlarla dollar sərmayə yatıraraq Xəzər hövzəsini dünya bazarları ilə birləşdirən nəhəng enerji layihələri həyata keçirib. Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərləri, Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP layihələri nəticəsində formalaşan Cənub Qaz Dəhlizi bu gün Avrasiyanın ən mühüm enerji arteriyalarından biri hesab olunur. Bu layihələr yalnız Azərbaycanın deyil, eyni zamanda geniş bir coğrafiyanın enerji təhlükəsizliyinə xidmət edir.” 

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.

Millət vəkili qeyd edib ki, bu gün Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayının sürətlə artması həyata keçirilən siyasətin uğurunu təsdiqləyir: “Cəmi bir il ərzində Azərbaycan qazını alan dövlətlərin sayı 12-dən 16-ya yüksəlib. Həmin ölkələrin 10-un Avropa İttifaqına üzvdövlətlərdir. Bu isə əlbəttə ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində strateji tərəfdaş kimi rolunu daha da möhkəmləndirir. Xüsusilə son illərdə Avropada enerji mənbələrinin şaxələndirilməsi istiqamətində aparılan siyasət fonunda Azərbaycan etibarlı təchizatçı kimi ön plana çıxıb. Ölkənin enerji potensialı yalnız mövcud hasilatla məhdudlaşmır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları həm ölkənin, həm də tərəfdaş dövlətlərin tələbatını ən azı növbəti yüz il ərzində təmin etməyə imkan verir. Bu amil Azərbaycanın enerji sektorunun uzunmüddətli perspektivlərini daha da gücləndirir və beynəlxalq tərəfdaşlar üçün əlavə etimad yaradır. Bununla yanaşı, Azərbaycan enerji siyasətini yalnız karbohidrogen ehtiyatları üzərində qurmur. Son illərdə yaşıl enerji sektoruna yönəldilən investisiyalar ölkənin inkişaf strategiyasında yeni mərhələnin başlandığını göstərir. Hazırda günəş və külək enerjisi sahəsində bir sıra layihələr artıq istismar mərhələsinə daxil olub. Qarabağ və Şərqi Zəngəzurda yaradılan hidroenerji imkanları mövcud bu potensialı daha da artırır. Yaşıl enerji strategiyasının mühüm hissələrindən biri beynəlxalq enerji bağlantılarının yaradılmasıdır. Bu baxımdan Qara dəniz Enerji Kabeli layihəsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanı Gürcüstan, Rumıniya, Macarıstan və digər Avropa ölkələri ilə birləşdirəcək bu layihə Xəzər regionunda istehsal olunan yaşıl enerjinin Avropa bazarına çıxışını təmin edəcək. Eyni zamanda Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan elektrik kabeli və Mərkəzi Asiyadan Xəzər vasitəsilə uzanacaq yaşıl enerji kabeli layihələri geniş regional əməkdaşlıq məkanının formalaşmasına xidmət edir. Bütün bu proseslər nəticəsində Azərbaycan təkcə enerji ixrac edən ölkə kimi deyil, həm də regionlararası əməkdaşlığın təşəbbüskarı və əlaqələndiricisi kimi çıxış edir. Cənub Qaz Dəhlizi ətrafında formalaşmış tərəfdaşlıq modeli bunun ən parlaq nümunəsidir. Məhz Azərbaycanın təşəbbüsü və investisiyaları sayəsində onlarla ölkəni birləşdirən əməkdaşlıq platforması yaranıb. Bakı Enerji Həftəsi çərçivəsində müzakirə olunan məsələlər göstərir ki, Azərbaycan artıq yalnız enerji resurslarının sahibi deyil. Ölkəmiz enerji təhlükəsizliyi, yaşıl keçid və beynəlxalq tərəfdaşlıq sahələrində qlobal miqyasda nüfuz qazanan strateji aktora çevrilib və bu mövqeyini gələcək illərdə daha da gücləndirmək niyyətindədir” – deyə, Azər Kərimli açıqlamasını başa çatdırıb.