backend

Azərbaycanda aqrar sahə ən yeni mərhələyə qədəm qoyur

Dünyada baş verən ekoloji proseslər, iqlim dəyişiklikləri, eyni zamanda, əhali sayının artması fonunda ərzaq çatışmazlığı problemi hər bir ölkənin aqrar sahəyə, kənd təsərrüfatına daha çox diqqət ayırmasını zərurətə çevirir. Digər tərəfdən, regional və qlobal miqyasda baş verən münaqişələr üzündən hər bir ölkədə ərzaq təhlükəsizliyini təmin etmək prioritet vəzifəyə çevrilib. Bu baxımdan, bir neçə gün əvvəl Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunan müşavirədə sadalanan prioritetlər aqrar sahədə yeni bir mərhələnin başlanğıcından xəbər verir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib.

O qeyd edib ki, ölkədə “Ağıllı kənd” layihəsi həyata keçirilir. Aqrodronlar, peyk müşahidə texnologiyaları və süni intellekt əsaslı idarəetmə həlləri aqrar sektorda müəyyən mənada tətbiq olunur. Bu mənada dövlət başçısının sədrliyi ilə keçirilən müşavirədə qarşıya qoyulan əsas hədəflər məhz aqrar sahədə müasir texnologiyaların tətbiqinin daha da inkişaf etdirilməsinə, Azərbaycanda kənd təsərrüfatının yeni bir mərhələyə qədəm qoymasına hesablanıb. Bu da öz növbəsində, daxili istehsalın artmasına, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına öz təsirini göstərəcək.

“Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədən sonra Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramının təsdiq edilməsi bu sahədə mövcud olan problemlərin həllinə imkan yaradacaq. Sənəddə qeyd edildiyi kimi proqramın icrası nəticəsində aqrar sahədə məhsuldarlığın, əlavə dəyərin və ixrac potensialının yüksəldilməsi nəzərdə tutulur. Bundan başqa, müasir və intensiv istehsal texnologiyalarının tətbiqinə geniş yer ayrılacaq ki, bu da aqrar sahədə məhsuldarlığın artmasına şərait yaradacaq”, - deyə deputat bildirib.

Deputatın sözlərinə görə, aqrar sahədə həyata keçiriləcək tədbirlər, tətbiq olunacaq yeni yanaşmalar, heç şübhəsiz ki, kənd yerlərində sosial rifahını gücləndirməsinə və regionların balanslı inkişafına təsirsiz ötüşməyəcək.

“Ötən illər ərzində ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Regionlarda ümumi tutumu 400 min ton olan soyuducu anbarlar tikilib, 1,9 milyon ton tutuma malik taxıl elevatorları və logistika infrastrukturu yaradılıb. Paralel olaraq meliorasiya tədbirləri nəticəsində 483 min hektar sahədə su təminatı yaxşılaşdırılıb. Bu istiqamətdə həyata keçirilən digər tədbirlər Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayıb. Ancaq, müasir çağırışlar, ətraf mühitdə baş verən dəyişikliklər ərzaq təhlükəsizliyinə daha çox diqqət ayırmağı zəruri edir. Düşünürəm ki, aqrar istehsalda yüksək əlavə dəyər yaradan emal və ixracyönümlü fəaliyyət stimullaşdırılmalı, fermerlərin maliyyə resurslarına və müasir texnologiyalara çıxış imkanları artırılmalıdır. Həmçinin kənd yerlərində dayanıqlı məşğulluq imkanlarının genişləndirilməsi də zəruridir. Bir sözlə, ərzaq təhlükəsizliyinin və ixrac potensialının gücləndirilməsi istiqamətində kompleks tədbirlərin davam etdirilməsi zəruridir”, - deyə N.Məhəməliyev əlavə edib.