backend

Deputat:Paşinyan hökumət quracaq, amma sülh prosesində çətinliklər qalır

Milli Məclisin deputatı Sahib Alıyev Ermənistanın daxili siyasi vəziyyəti və Azərbaycanla sülh prosesi ilə bağlı fikirlərini bölüşüb.

Deputat bildirib ki, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” Partiyası parlamentdə sabit çoxluq əldə edərək hökuməti təkbaşına formalaşdırmaq imkanını qoruyub saxlayır. Lakin onun sözlərinə görə, Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində vacib hesab olunan konstitusiya dəyişikliklərinin həyata keçirilməsi üçün tələb olunan üçdə iki səs çoxluğu mövcud deyil.

Sahib Alıyev qeyd edib ki, Ermənistan Konstitusiyasına dəyişikliklərin referendum yolu ilə həyata keçirilməsi ehtimalı olsa da, bunun üçün həm imza toplama, həm də səsvermə mərhələsində ciddi siyasi və hüquqi maneələr mövcuddur.

Deputatın fikrincə, gələcəkdə sülh sazişinin parlamentdə təsdiqlənməsi, eləcə də Baş Prokuror, Ombudsman, Mərkəzi Seçki Komissiyası üzvləri və Konstitusiya Məhkəməsi hakimlərinin seçilməsi məsələlərində də çətinliklər yarana bilər.

Sahib Alıyev hesab edir ki, mövcud siyasi şəraitdə Ermənistan parlamentində yeni gərginliklərin yaranması və hətta növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalı istisna deyil. Onun sözlərinə görə, Paşinyanın gələcək siyasi addımları və revanşist qüvvələrə münasibəti ölkədəki proseslərin istiqamətini müəyyənləşdirəcək əsas amillərdən biri olacaq.