backend

Razi Nurullayev: Subsidiyalar regionların iqlim və coğrafi xüsusiyyətlərinə uyğun verilməlidir

Milli Məclisin deputatı Razi Nurullayev aqrar sektorun inkişafı ilə bağlı müzakirələr zamanı subsidiyaların regionlar üzrə fərqləndirilməsi, torpaqların birləşdirilməsi və kiçik fermerlərin məhsullarının satışına dövlət dəstəyinin artırılması ilə bağlı təkliflər səsləndirib.

Deputat bildirib ki, Azərbaycanın müxtəlif bölgələrinin iqlim və coğrafi xüsusiyyətləri nəzərə alınaraq subsidiya mexanizmlərinə yenidən baxılmalıdır. Onun sözlərinə görə, bütün ölkə üzrə eyni subsidiya məbləğinin tətbiqi hər zaman səmərəli nəticə vermir.

“Azərbaycanın coğrafiyası fərqlidir, iqlimi fərqlidir. Ona görə də bütün ölkə üzrə eyni subsidiya məbləğlərinin verilməsi düzgün deyil. Subsidiyaların coğrafi xüsusiyyətlərə uyğunlaşdırılması çox vacibdir”, – deyə deputat vurğulayıb.
Razi Nurullayev balıqçılıq sahəsində nəzarətin gücləndirilməsinin müsbət nəticələr verdiyini qeyd etsə də, qeyri-qanuni balıq ovuna qarşı mübarizənin daha da sərtləşdirilməsinin vacibliyini diqqətə çatdırıb. O bildirib ki, qanunsuz balıq ovu və qadağan olunmuş vasitələrdən istifadə balıq ehtiyatlarının azalmasına səbəb olur.
Deputat torpaq sahələrinin pərakəndə vəziyyətdə olmasının fermerlərin fəaliyyətinə mənfi təsir göstərdiyini də bildirib. Onun sözlərinə görə, torpaqların birləşdirilməsi istehsalın səmərəliliyini artırmaqla yanaşı, məhsulların bazara çıxarılmasını da asanlaşdıra bilər.
Razi Nurullayev kiçik fermerlərin məhsullarını satmaqda ciddi çətinliklərlə üzləşdiyini vurğulayaraq, bu sahədə dövlət dəstəyinin gücləndirilməsinin vacibliyini qeyd edib. Deputatın fikrincə, məhsulun həcminin az olması, daşınma və satış xərclərinin yüksəkliyi fermerlərin gəlirlərinə mənfi təsir göstərir və bəzən məhsulun bazara çıxarılmadan məhv olmasına səbəb olur.
Bununla yanaşı, deputat heyvandarlıq sahəsində məhsuldarlığın artırılması üçün cins heyvanların sayının çoxaldılması istiqamətində daha iddialı hədəflərin müəyyənləşdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, aqrar sektorda həyata keçiriləcək bu tədbirlər kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılmasına, fermerlərin gəlirlərinin yüksəlməsinə və ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə xidmət edə bilər.