backend

Sahib Alıyev: “Nüvədidəki Rusiya hərbçilərinin varlığı ilə bağlı suallar cavabsız qalır”

Milli Məclisin deputatı Sahib Alıyev sosial şəbəkə hesabında Ermənistanın Nüvədi (hazırda Nrnadzor adlandırılan yaşayış məntəqəsi) ətrafında yerləşən Rusiya hərbçiləri ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Deputat qeyd edib ki, Ermənistanda hakimiyyətə yaxın media resurslarından birində yayılan xəbərdə İkinci Qarabağ müharibəsi dövründə Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən bölgəyə yerləşdirilən Rusiya hərbçilərinin kənddən çıxarıldığı iddia edilsə də, onların ərazinin yaxınlığında qalmağa davam etdikləri bildirilir. Məlumata görə, hərbçilər bölgəyə giriş-çıxışa nəzarət edir və bəzi şəxslərin hərəkətini məhdudlaşdırırlar.

Sahib Alıyev bu məlumat fonunda bir sıra suallar ortaya çıxdığını vurğulayıb. O, Ermənistanda fəaliyyət göstərən Avropa müşahidə missiyasının bölgədə baş verənləri görüb-görmədiyini, görürsə niyə münasibət bildirmədiyini sual edib. Deputat eyni zamanda Ermənistan hakimiyyətinin və Baş nazir Nikol Paşinyanın məsələ ilə bağlı susqunluğuna diqqət çəkib.

Millət vəkili Rusiya hərbçilərinin yerləşdiyi ərazinin strateji mövqeyinə də toxunaraq, onların Zəngəzur dəhlizinin Ermənistan tərəfindəki başlanğıc nöqtəsinə yaxın ərazidə yerləşməsinin təsadüfi olub-olmaması ilə bağlı sual ünvanlayıb. O, bu vəziyyətin bölgədəki geosiyasi proseslər kontekstində ayrıca qiymətləndirilməli olduğunu bildirib.

Sahib Alıyev paylaşımında həmçinin Rusiya hərbçilərinin bölgəni tərk etməməsinin səbəbləri barədə sual qaldıraraq, bunun arxasında hansı məqsədlərin dayandığının aydınlaşdırılmasının vacibliyini qeyd edib.

Deputatın fikrincə, Nüvədi ətrafında yaranmış vəziyyət təkcə Ermənistanın daxili məsələsi deyil, həm də regionun gələcək təhlükəsizlik arxitekturası və nəqliyyat-kommunikasiya layihələri baxımından diqqətlə izlənilməli olan məsələdir.