backend

Günay Əfəndiyeva Şüvəlanda keçirilən “Türk Dünyasına səyahət” tədbirində iştirak edib

Milli Məclisin deputatı Günay Əfəndiyeva Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən 156 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunan “Türk Dünyasına səyahət” adlı tədbirdə iştirak edib.

Deputat tədbirlə bağlı bildirib ki, məktəbdə yaradılan türk dövlətlərinə aid çadırlara baxış keçirilib, şagirdlərin təqdimatında türk xalqlarının musiqiləri dinlənilib, milli rəqslər izlənilib və müxtəlif ölkələrin milli mətbəx nümunələri ilə tanışlıq olub. Tədbir iştirakçılarına əsl bayram ab-havası yaşadıb.

Günay Əfəndiyeva qeyd edib ki, belə layihələr türk dünyasının ortaq tarixi, mədəniyyəti və mənəvi dəyərlərinin gənc nəslə aşılanması baxımından mühüm əhəmiyyət daşıyır.

Deputat tədbirin ərsəyə gəlməsində göstərilən əməkdaşlığa görə Xəzər Rayon İcra Hakimiyyətinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, eləcə də ölkəmizdə akkreditə olunmuş türk dövlətlərinin səfir və nümayəndələrinə təşəkkürünü bildirib.

O, həmçinin 156 nömrəli məktəbin direktoru Gülər İsmayılovaya, müəllim və şagird kollektivinə tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə edib.