backend

Sahib Alıyev: “ABŞ-İran razılaşması baş tutarsa, İranın qələbəsindən danışmaq hələ tezdir”

Milli Məclisin deputatı Sahib Alıyev Baku TV-nin “Aktual Gündəm” proqramında gözlənilən ABŞ–İran razılaşması və G7 sammitinin gündəliyi ilə bağlı fikirlərini bölüşüb.

Deputat bildirib ki, tərəflər mediaya sızdırılan bəndlər əsasında razılığa gəliblərsə və mümkün sülh sənədi də həmin müddəalar üzərində qurulacaqsa, bu halda İranın qələbəsi, ABŞ-ın isə məğlubiyyəti barədə danışmaq hələ tezdir.

Sahib Alıyev qeyd edib ki, ABŞ və İran arasında gizli anlaşmanın mövcudluğu ehtimalı da istisna edilmir və bu, iki ölkənin siyasi təcrübəsində ilk belə hal olmazdı. Onun sözlərinə görə, 60 gün davam edəcəyi gözlənilən danışıqlar yalnız memorandumda əks olunduğu bildirilən məsələlər üzrə razılıqla nəticələnsə belə, bunu İranın qələbəsi kimi təqdim etmək doğru deyil.

Deputat vurğulayıb ki, hazırkı vəziyyət nəzərə alındıqda, münaqişənin bu formada başa çatması İranda rejimin qələbəsi, ölkənin isə məğlubiyyəti kimi qiymətləndirilə bilər. O, eyni zamanda bildirib ki, ABŞ baxımından bu proses Donald Tramp üçün taktiki çətinliklər yaratsa da, dövlətin strateji maraqları baxımından uğurlu nəticə hesab oluna bilər.

Sahib Alıyev qeyd edib ki, yaranmış vəziyyətdən ABŞ-də demokratların həm Trampa, həm də Respublikaçılar Partiyasına qarşı siyasi mübarizədə maksimum yararlanmağa çalışacağı gözləniləndir. Deputat bu qənaətlərinin səbəblərini veriliş zamanı ətraflı şəkildə izah etdiyini bildirib.