backend

Razi Nurullayev: Media iqtisadi cəhətdən dayanıqlı və güclü olmalıdır

Milli Məclisin deputatı Razi Nurullayev parlamentin iclasında “Media haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı çıxış edib.

Deputat təqdim olunan qanun layihəsini ümumilikdə müsbət qiymətləndirdiyini və dəstəklədiyini bildirib. O qeyd edib ki, yeni yaradılan Media və Yayım Şurasının səlahiyyətlərinin dövrün tələblərinə uyğunlaşdırılması media sahəsində idarəetmənin daha sistemli və səmərəli qurulmasına xidmət edəcək.

Razi Nurullayev vurğulayıb ki, dövlət son illərdə media sektoruna ciddi dəstək göstərib. Onun sözlərinə görə, media subyektlərinin bir sıra vergilərdən azad edilməsi iqtisadi dayanıqlığın gücləndirilməsi baxımından mühüm addımdır və bu, media qurumlarına maliyyə problemlərindən daha çox keyfiyyətli jurnalistikaya diqqət ayırmaq imkanı yaradır.

Deputat bildirib ki, artıq növbəti mərhələyə keçməyin vaxtıdır. O, inkişaf etmiş ölkələrin təcrübəsinə diqqət çəkərək qeyd edib ki, müasir media yalnız reklam gəlirləri ilə fəaliyyət göstərmir, eyni zamanda podkastlar, sənədli filmlər, rəqəmsal platformalar üçün xüsusi məzmun, analitik hesabatlar, ödənişli abunə sistemləri, təlim proqramları, tədbirlər və digər multimedia məhsulları vasitəsilə gəlirlərini şaxələndirir.

Çıxışında beynəlxalq təcrübədən nümunələr gətirən deputat dünyanın aparıcı media qurumlarının məhz müxtəlif gəlir mənbələri hesabına iqtisadi müstəqilliklərini gücləndirdiyini bildirib.

Razi Nurullayev hesab edir ki, qanunun icrası mərhələsində Media və Yayım Şurasının əsas fəaliyyət istiqamətlərindən biri media subyektlərinin yeni biznes modellərinə keçidinin təşviq edilməsi olmalıdır. O, beynəlxalq ekspertlərin iştirakı ilə sistemli təlimlərin təşkil edilməsini, media menecerlərinə rəqəmsal məhsulların hazırlanması, süni intellektin tətbiqi, müəllif hüquqlarının kommersiyalaşdırılması və beynəlxalq bazarlara çıxış imkanlarının öyrədilməsini təklif edib.

Deputat vurğulayıb ki, məqsəd yalnız mediaya dəstək vermək deyil, onu dayanıqlı və iqtisadi baxımdan güclü bir sektora çevirməkdir. Onun sözlərinə görə, güclü iqtisadi əsaslara malik media həm daha peşəkar fəaliyyət göstərir, həm də cəmiyyətə daha keyfiyyətli xidmət edir.