backend

Razi Nurullayev: Pay torpaqlarında ağacların kəsilməsinə görə bərpa haqqı fermerlər üçün əlçatan olmalıdır

Milli Məclisin deputatı Razi Nurullayev parlamentin plenar iclasında çıxışı zamanı pay torpaqlarının kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsini nəzərdə tutan qanun layihəsi ilə bağlı fikirlərini səsləndirib.

Deputat bildirib ki, layihədə kol, gül-çiçək və ot bitkilərinin kəsilməsinə görə bərpa dəyərinin ödənilməsinin nəzərdə tutulmaması müsbət haldır. Onun sözlərinə görə, böyük ağaclarla bağlı məsələ isə daha həssas yanaşma tələb edir.
Razi Nurullayev qeyd edib ki, pay torpaqlarında kənd təsərrüfatı fəaliyyətinə maneə yaradan iri ağacların kəsilməsi zərurəti yarandıqda, mövcud qaydalara əsasən hesablanan bərpa haqqı çox yüksək məbləğlərə çata bilir. Bu isə qanunun əsas məqsədlərindən biri olan torpaqların səmərəli istifadəsini çətinləşdirir.
Deputat vurğulayıb ki, vətəndaş öz pay torpağını əkinə yararlı vəziyyətə gətirmək üçün ağacı qanuni qaydada kəssə belə, sonradan ödəməli olduğu bərpa haqqı həmin torpaqdan uzun illər ərzində əldə edəcəyi gəlirdən daha çox ola bilər. Belə vəziyyət isə fermerlərin torpaqdan istifadəyə marağını azaldır və onları kənd təsərrüfatı fəaliyyətindən çəkindirir.
Razi Nurullayev hesab edir ki, qanun layihəsinin müvafiq maddəsinə yenidən baxılmalı, pay torpaqlarında kənd təsərrüfatı fəaliyyətinə real maneə yaradan ağacların götürülməsi zamanı bərpa haqqı diferensiallaşdırılmalı, azaldılmalı və ya müəyyən hallarda güzəşt mexanizmi tətbiq edilməlidir.
Deputatın fikrincə, bu yanaşma həm torpaq sahiblərinin maraqlarını qoruyacaq, həm də istifadəsiz qalan kənd təsərrüfatı torpaqlarının iqtisadi dövriyyəyə qaytarılmasına əlavə stimul verəcək.