backend

Gədəbəydə mədə-bağırsaq və qaraciyər xəstəliklərinə həsr olunan elmi-praktik konfrans keçirilib

Gədəbəy rayonunda “Mədə-bağırsaq və qaraciyər xəstəliklərinə müasir yanaşma” mövzusunda elmi-praktik konfrans keçirilib.

Azərbaycan Qastroenteroloq və Hepatoloqları İctimai Birliyi və “Medpro Marketing” MMC-nin birgə təşkilatçılığı ilə keçirilən konfransın əsas məqsədi mədə-bağırsaq və qaraciyər xəstəliklərinin profilaktikası, erkən diaqnostikası və müasir müalicə üsulları ilə bağlı elmi biliklərin paylaşılması, həkimlərin peşəkar bacarıqlarının təkmilləşdirilməsi və bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsi olub.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransı giriş nitqi ilə açan Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev və “Medpro Marketing” MMC-nin direktoru Hidayət Heydərov tədbirin regionlarda tibb elminin inkişafı, həkimlərin bilik və bacarıqlarının artırılması baxımından əhəmiyyətini vurğulayaraq iştirakçılara uğurlar arzulayıblar.

Konfrans tibb elmləri doktoru Yazgül Abdıyeva, tibb üzrə fəlsəfə doktoru Gülnarə Ağayeva, dr. Afət Məhəmmədli, dr. Azər Nağıyev, tibb elmləri doktoru Aynur Səfiyeva, dr. Arzu Hüseynova, dr. Mahirə Qədirova və dr. Fərid Dünyamalıyevin moderatorluğu ilə keçirilib.

Konfrans çərçivəsində “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb elmləri doktoru Yazgül Abdıyeva “Hepatoloji problemlərə müasir baxış” mövzusunda çıxış edərək hepatologiya sahəsində son illərin elmi nailiyyətləri, molekulyar biologiya, genomika, süni intellekt və müasir görüntüləmə texnologiyalarının qaraciyər xəstəliklərinin diaqnostika və müalicəsində yaratdığı yeni imkanlardan danışıb. O bildirib ki, bu cür elmi-praktik konfranslar regionlarda çalışan həkimlərin peşəkar inkişafı və müasir tibbi yanaşmaların tətbiqi baxımından mühüm rol oynayır.

Azərbaycan Qastroenteroloq və Hepatoloqları İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Gülnarə Ağayeva “Şəkərli diabet və qaraciyər xəstəlikləri” mövzusunda məruzə ilə çıxış edərək şəkərli diabetin qaraciyər patologiyalarına təsiri, erkən diaqnostikanın və kompleks müalicə yanaşmalarının əhəmiyyətindən bəhs edib.

Tibb elmləri doktoru Aynur Səfiyeva isə “Anal çatlarda müasir yanaşma – rəhbərlik nə deyir?” mövzusunda təqdimatla çıxış edərək beynəlxalq klinik tövsiyələrə əsaslanan diaqnostika və müalicə metodlarını iştirakçıların diqqətinə çatdırıb.

Konfrans zamanı həmçinin dr. Afət Məhəmmədli, dr. Arzu Hüseynova, dr. Səltənət Məhərrəmzadə, dr. Fərid Dünyamalıyev, dr. Mahirə Qədirova, dr. Azər Nağıyev, dr. Afaq Ələsgərova, dr. Təranə Bağırova, nəfəs terapevti Neşe Kutlutaş və “Medpro Marketing” MMC-nin meneceri Ayxan Həsənov müxtəlif aktual mövzular üzrə məruzələrlə çıxış edərək hepatologiya və qastroenterologiya sahəsində müasir diaqnostika, müalicə üsulları və innovativ yanaşmalar barədə ətraflı məlumat veriblər.

Konfransın sonunda mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və regionlarda bu kimi elmi-praktik tədbirlərin davamlı keçirilməsinin vacibliyi vurğulanıb.