backend

Deputat Müşfiq Məmmədli Respublika Qan Bankının Quba bölməsində donorlar və tibb işçiləri ilə görüşüb

Milli Məclisin deputatı Müşfiq Məmmədli Səhiyyə Nazirliyinin Respublika Qan Bankının Quba bölməsində seçiciləri olan donorlar və fədakar tibb işçiləri ilə görüş keçirib.

Səmimi şəraitdə baş tutan görüş zamanı qan donorluğunun cəmiyyət üçün həyati əhəmiyyəti, qan xidmətinin inkişafı, könüllü donor hərəkatının genişləndirilməsi və bu sahədə çalışan tibb işçilərinin fədakar fəaliyyəti ətrafında fikir mübadiləsi aparılıb.
Deputat Müşfiq Məmmədli bildirib ki, hər bir donorun verdiyi qan nümunəsi ağır vəziyyətdə olan insanların həyatını xilas edir, ailələrə ümid və sevinc bəxş edir. O, könüllü şəkildə bu nəcib missiyanı yerinə yetirən bütün donorların, eləcə də gecə-gündüz böyük məsuliyyət və peşəkarlıqla çalışan Respublika Qan Bankının Quba bölməsinin kollektivinin fəaliyyətini yüksək qiymətləndirib.
Deputat insan həyatının xilasına xidmət edən bu müqəddəs işə töhfə verən hər kəsə təşəkkürünü ifadə edərək vurğulayıb ki, sağlam və həmrəy cəmiyyətin formalaşmasında qan donorluğunun inkişafı hər bir vətəndaşın ortaq məsuliyyətidir.
Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçib, iştirakçılar qan donorluğunun təşviqi istiqamətində görülən işlərin davam etdirilməsinin vacibliyini qeyd ediblər.