backend

Şuşa milli yaddaşımızın yenidən dirçəldiyi müqəddəs məkandır

Prezident cənab İlham Əliyevin Şuşada böyük tarzən, Azərbaycan tar məktəbinin banisi Sadıqcanın ev-muzeyinin açılışında iştirakı dərin rəmzi məna daşıyır. Bu hadisə bir daha göstərir ki, Qarabağda aparılan quruculuq işləri yalnız yolların, binaların və yaşayış məntəqələrinin tikintisi ilə məhdudlaşmır. Burada xalqımızın tarixi, mədəniyyəti və milli ruhu yenidən bərpa olunur. Bu böyük missiyanın həyata keçirilməsində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyəti xüsusi təqdirəlayiqdir.
Son illərdə Qoruq tərəfindən Şuşanın tarixi-memarlıq irsinin qorunması, tarixi məhəllələrin, abidələrin, görkəmli şəxsiyyətlərin ev-muzeylərinin, mədəniyyət ocaqlarının və memarlıq nümunələrinin elmi əsaslarla bərpası istiqamətində görülən işlər şəhərin əsl simasının yenidən özünə qaytarılmasına xidmət edir. Şuşanın hər daşına, hər küçəsinə və hər tarixi abidəsinə göstərilən həssas münasibət dövlətimizin milli-mənəvi dəyərlərimizə verdiyi yüksək qiymətin bariz nümunəsidir. İşğal illərində dağıdılmış, talan edilmiş, milli kimliyimizi hədəfə alan vandalizm aktlarının izləri bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış strategiyası çərçivəsində silinir.
Şuşada ard-arda bərpa olunan tarixi abidələr, açılan muzeylər, yenidən həyat qazanan məhəllələr, inşa edilən yaşayış kompleksləri, məktəblər, xəstəxanalar və müasir infrastruktur bir həqiqəti təsdiq edir: Qarabağ artıq quruculuğun, inkişafın və dirçəlişin ünvanıdır. Sadıqcanın ev-muzeyinin yenidən qapılarını açması isə xüsusi qürur doğurur. Çünki Şuşanı Şuşa edən təkcə onun daş divarları deyil, yetişdirdiyi dahilərdir. Bu şəhər Üzeyir Hacıbəylinin, Bülbülün, Xurşidbanu Natəvanın, Sadıqcanın ruhunu yaşadan əbədi mədəniyyət beşiyidir. Bu gün Şuşada görülən işlərə baxdıqca aydın görünür ki, cənab Prezidentin rəhbərliyi ilə Qarabağ sadəcə bərpa edilmir, əvvəlkindən daha möhtəşəm şəkildə yenidən qurulur.
Dünyada işğaldan azad olunmuş ərazilərdə bu qədər qısa müddətdə belə genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsi nadir nümunələrdəndir. Şuşada açılan hər bir muzey, bərpa olunan hər bir tarixi abidə, ucaldılan hər bir bina gələcək nəsillərə verilən ən dəyərli mesajdır: Azərbaycan öz tarixinə sahib çıxan, mədəni irsini qoruyan və onu gələcəyə daşıyan qüdrətli dövlətdir. Məhz bu uzaqgörən siyasətin nəticəsidir ki, Şuşa bu gün yenidən Qafqazın mədəniyyət paytaxtı kimi öz əzəmətini dünyaya nümayiş etdirir.
Fatma Yıldırım
Millət vəkili