backend

Deputat Fatma Yıldırım: Qarabağda yazılan tarix Azərbaycanın gücünün və qətiyyətinin parlaq təcəssümüdür

Milli Məclisin deputatı Fatma Yıldırım Prezident İlham Əliyevin Qarabağa növbəti səfərini yüksək qiymətləndirərək bildirib ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri yeni inkişaf mərhələsinə qədəm qoyub.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Şuşa, Xankəndi və Xocavənd rayonlarına səfəri çərçivəsində iştirak etdiyi açılışlar, tanış olduğu layihələr və verdiyi tapşırıqlar Böyük Qayıdış Proqramının uğurla davam etdiyini bir daha təsdiqləyir. Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda müasir şəhərsalma prinsipləri əsasında həyata keçirilən layihələr, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, yeni sosial və iqtisadi infrastrukturun yaradılması Azərbaycanın bu torpaqlara uzunmüddətli inkişaf strategiyasının real nəticəsidir.
Fatma Yıldırım vurğulayıb ki, Xankəndidə müşahidə olunan sürətli inkişaf Azərbaycanın suverenliyinin yalnız hərbi-siyasi müstəvidə deyil, həm də quruculuq, sabitlik və sosial inkişaf siyasəti ilə möhkəmləndiyini nümayiş etdirir. Onun fikrincə, şəhərdə dövlət idarəçiliyinin təşkili, abadlıq işləri, ictimai məkanların yenilənməsi və iqtisadi fəallığın artması yeni inkişaf modelinin uğurlu nümunəsidir.
Deputat Şuşada görkəmli tarzən Sadıqcanın ev-muzeyinin açılışını da xüsusi əhəmiyyətli hadisə kimi qiymətləndirərək bildirib ki, Qarabağın dirçəlişi yalnız infrastrukturun bərpası ilə məhdudlaşmır. Tarixi abidələrin, muzeylərin, dini-mədəni irsin və görkəmli şəxsiyyətlərin xatirəsinin bərpası dövlətin milli-mənəvi dəyərlərə verdiyi önəmin bariz göstəricisidir.
Fatma Yıldırım çıxışında bəzi radikal müxalifət dairələrinin Qarabağda görülən işlərə qərəzli münasibət sərgilədiyini də qeyd edib. O bildirib ki, Azərbaycanın tarixi Zəfərinin nəticəsi olaraq bölgədə həyat yenidən canlanır, insanlar doğma yurdlarına qayıdır və şəhərlər müasir sima qazanır. Bu reallığın fonunda milli maraqların üstün tutulmasının vacibliyini vurğulayan deputat, Qarabağda həyata keçirilən layihələrin hər kəs üçün aydın və göz önündə olduğunu qeyd edib.
Deputat, həmçinin Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətini yüksək qiymətləndirərək vurğulayıb ki, tarixi-mədəni irsin qorunması, memarlıq abidələrinin və tarixi məhəllələrin elmi əsaslarla bərpası istiqamətində görülən işlər Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı və milli ruhunun simvolu kimi mövqeyini daha da möhkəmləndirir.
Fatma Yıldırım sonda əminliyini ifadə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji siyasət nəticəsində Qarabağ və Şərqi Zəngəzur yaxın illərdə regionun ən inkişaf etmiş və müasir bölgələrindən birinə çevriləcək, bu ərazilərdə yazılan yeni tarix isə Azərbaycanın gücünün, milli birliyinin və qalib dövlət iradəsinin ən parlaq təcəssümü olacaq.