Milli Məclisin deputatı Anar İsgəndərov Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışını Azərbaycanın beynəlxalq mövqeyinin, Qarabağın dirçəlişinin və Şuşanın qlobal əhəmiyyətinin parlaq nümayişi kimi dəyərləndirib.
Deputat bildirib ki, Qarabağ xanlığının banisi Pənahəli xan belə təsəvvür edə bilməzdi ki, bir gün Şuşa təkcə Azərbaycanın deyil, bütövlükdə dünyanın diqqət mərkəzində olacaq, burada qlobal əhəmiyyətli məsələlər müzakirə ediləcək. Onun sözlərinə görə, bu gün həmin tarixi şəhər beynəlxalq dialoq platformasına çevrilib və bu prosesin müəllifi Azərbaycanın güclü siyasi iradəsidir.
Anar İsgəndərov qeyd edib ki, SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın hərbi təcavüzü ilə üz-üzə qaldı, torpaqlarının 20 faizi işğal edildi, bir milyondan çox insan qaçqın və məcburi köçkünə çevrildi. Beynəlxalq təşkilatlar isə uzun illər ərzində işğala lazımi hüquqi-siyasi qiymət vermədi.
Deputat vurğulayıb ki, Şuşa Azərbaycan tarixinin və mədəniyyətinin ayrılmaz hissəsidir. Qarabağ tarixini əks etdirən “Qarabağnamələr”, eləcə də rus tədqiqatçısı K. Nikitinin “Şuşa şəhəri və Şuşa qəzasının oçerki” əsəri bu torpaqların tarixən Azərbaycana məxsus olduğunu təsdiqləyən etibarlı mənbələrdəndir.
Anar İsgəndərov bildirib ki, 2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın yeni inkişaf mərhələsinin əsasını qoydu. Xüsusilə Şuşanın azad edilməsi müharibənin ən mühüm dönüş nöqtəsi olmaqla yanaşı, xalqın milli qürurunun zirvəsinə çevrildi. Prezident İlham Əliyevin “Əziz Şuşa, sən azadsan! Biz qayıtmışıq! Biz səni dirçəldəcəyik!” sözləri Azərbaycanın müasir tarixinin ən yaddaqalan çağırışlarından biri kimi yaddaşlara həkk olundu.
Deputatın sözlərinə görə, işğaldan azad olunandan sonra Şuşa sürətlə bərpa edilir, mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir və Azərbaycan-Türkiyə müttəfiqliyinin təməlini qoyan Şuşa Bəyannaməsinin imzalandığı şəhər kimi tarixə düşüb.
Anar İsgəndərov qeyd edib ki, IV Şuşa Qlobal Media Forumu da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Forumda 53 ölkədən 160-a yaxın xarici qonaq, onlarla beynəlxalq informasiya agentliyi, media qurumu və beynəlxalq təşkilatın nümayəndəsi iştirak edib. Son dörd ildə Şuşa Qlobal Media Forumları ümumilikdə 81 ölkədən 600-ə yaxın media təmsilçisini bir araya gətirib.
Deputat vurğulayıb ki, forumun ən mühüm hissəsi Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələri ilə açıq dialoqu oldu. Dövlət başçısı Qarabağ münaqişəsinin nəticələri, postmünaqişə dövrü, Ermənistanın işğalçılıq siyasəti, regional təhlükəsizlik, Azərbaycan-Türkiyə strateji müttəfiqliyi, Azərbaycan-ABŞ münasibətləri, enerji təhlükəsizliyi və digər aktual beynəlxalq məsələlərə dair ünvanlanan sualları ətraflı cavablandıraraq Azərbaycanın prinsipial mövqeyini dünya ictimaiyyətinə çatdırdı.
Sonda Anar İsgəndərov bildirib ki, IV Şuşa Qlobal Media Forumu bir daha sübut etdi ki, Şuşa artıq yalnız Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də beynəlxalq fikir mübadiləsinin, siyasi dialoqun və qlobal əməkdaşlığın mühüm mərkəzlərindən biridir. Prezident İlham Əliyevin forumda səsləndirdiyi fikirlər isə Azərbaycanın regional lider kimi mövqeyini və artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət





