Qaynarxett.az xəbər verir ki, nümayəndə heyəti “Mutlu Barış” hərəkatının 52-ci ildönümünə həsr olunmuş rəsmi tədbirlərdə iştirak etmək məqsədilə ŞKTR-də səfərdədir. Heyətin tərkibinə Azərbaycan–Şimali Kipr Parlamentlərarası İşçi Qrupunun rəhbəri Cavanşir Feyziyev, Azərbaycan–Türkiyə Parlamentlərarası İşçi Qrupunun rəhbəri Əhliman Əmiraslanov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, millət vəkilləri Ağalar Vəliyev və Heydər Əsədov daxildir.
Qonaqları salamlayan Baş nazir Ünal Üstel Azərbaycana etdiyi səfərləri məmnunluqla xatırladığını bildirib, Prezident İlham Əliyevə, Baş nazir Əli Əsədova və Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünü çatdırıb. O, Azərbaycan ilə Şimali Kipr Türk Respublikası arasında münasibətlərin “bir millət – üç dövlət” ruhunda uğurla inkişaf etdiyini vurğulayıb.
Baş nazir iqtisadi-ticari əlaqələrin, eləcə də təhsil, turizm və səhiyyə sahələrində əməkdaşlığın geniş inkişaf perspektivinə malik olduğunu qeyd edərək, bu istiqamətdə hər iki ölkənin aidiyyəti dövlət qurumları arasında fəal iş aparıldığını diqqətə çatdırıb.
Görüşdə çıxış edən Azərbaycan–Şimali Kipr Parlamentlərarası İşçi Qrupunun rəhbəri, Milli Məclisin deputatı Cavanşir Feyziyev parlamentlərarası münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini bildirib. O, Azərbaycan cəmiyyətində Şimali Kipr Türk Respublikasına marağın ildən-ilə artdığını, yüzlərlə azərbaycanlı gəncin ali təhsil almaq üçün məhz ŞKTR-ni seçdiyini, eyni zamanda Azərbaycan vətəndaşlarının Şimali Kiprə turizm səfərlərinin də nəzərəçarpacaq dərəcədə çoxaldığını vurğulayıb.
Deputat Cavanşir Feyziyev Azərbaycan vətəndaşlarına göstərilən diqqət və dəstəyə görə Şimali Kipr Türk Respublikasının hökumətinə minnətdarlığını ifadə edib. O, “Mutlu Barış” hərəkatını türk xalqının tarixi zəfəri kimi dəyərləndirərək, bu münasibətlə Milli Məclis adından Baş nazir Ünal Üsteli təbrik edib.
Görüşün sonunda tərəflər Azərbaycan ilə Şimali Kipr Türk Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin bundan sonra da inkişaf etdirilməsi istiqamətində qarşılıqlı səylərin davam etdiriləcəyini vurğulayıblar. Daha sonra Baş nazir Ünal Üstel və deputat Cavanşir Feyziyev bir-birlərinə xatirə hədiyyələri təqdim ediblər.




