backend

Gərgin geosiyasi şəraitdə bir nömrəli prioritetimiz daxili sabitlikdir… – Deputat

“Azərbaycanın beynəlxalq analitiklər tərəfindən orta güc dövləti kimi tanınması ölkəmizin böyük dövlətlərin iradəsindən asılı olmayaraq öz milli maraqlarını qətiyyətlə qorumaq gücünü təsdiqləyir. Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışı da məhz bu qətiyyətin və sarsılmaz müstəqil xarici siyasətin növbəti nümayişidir”.

Bunu Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı bəyanatlarını, ölkənin artan qlobal nüfuzunu və iqtisadi-logistik layihələrini şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev deyib.
“Milli Kimlik Və Ləyaqət Hər Şeydən Üstündür”
Millət vəkili dövlət başçısının çıxışında yer alan milli maraqlar və təhlükəsizlik konsepsiyasının dövlətçilik xəttimizin əsasını təşkil etdiyini diqqətə çatdırıb:
“Prezidentin Azərbaycan xalqına müraciətindəki ‘milli kimlik və ləyaqət hər şeydən üstün olmalıdır’ tezisi, gələcək nəsillərə Vətənə bağlılıq, mətinlik və heç vaxt işğalçı diktəsi ilə oturmamaq fəlsəfəsini aşılayan güclü iradədir. Regiondakı gərgin geosiyasi şəraitdə bir nömrəli prioritetin müdafiə potensialının artırılması və daxili sabitliyin qorunması olması dövlətçilik maraqlarımızın əsas təminatıdır. Azərbaycan regional geosiyasi intriqalardan uzaq, bərabərhüquqlu və ədalətli əməkdaşlıq tərəfdarı kimi çıxış edir. Xüsusilə Rusiya, İran, Türkiyə və Ermənistanın iştirakı ilə təklif olunan regional əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin rəmzidir. Eyni zamanda, AŞPA və Avropa Parlamenti kimi təsisatların qərəzli yanaşmalarına, habelə ABŞ Konqresinin köhnəlmiş 907-ci düzəlişinə qarşı dövlət rəhbərinin nümayiş etdirdiyi qətiyyətli mövqe ölkəmizin təhdidlərə və ideoloji diversiyalara qarşı sarsılmaz müqavimət gücünü göstərir.”

“Qlobal Tranzit Və Enerji Habına Çevrilən Azərbaycan”
MCP başqanı Azərbaycanın beynəlxalq arenadakı strateji tərəfdaşlıq əlaqələrini vurğulamaqla yanaşı, ölkənin qlobal iqtisadi layihələrdəki əvəzolunmaz rolunu qeyd edib:
“Bu gün Azərbaycanın ABŞ-ın yeni administrasiyası ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir, Avropa Komissiyası ilə əlaqələr intensivləşir, Çin və Mərkəzi Asiya ölkələri ilə dərin geoiqtisadi bağlar qurulur. İqtisadi müstəvidə isə ölkəmiz boru kəmərləri ilə qaz ixracının coğrafi əhatəsinə görə dünyada ön sıralardadır və Avropaya hasilat tədarükünü 65% artırıb. Bununla yanaşı, 2032-ci ilədək 8 giqavatlıq yaşıl enerji hədəfi və nəhəng bərpaolunan enerji layihələri ölkəmizi etibarlı qlobal enerji mərkəzinə çevirib. Logistika sahəsində Dəniz Ticarət Limanının gücünün 25 milyon tondan çox artırılması, yerli gəmiqayırma zavodunda yeni gəmilərin tikintisi və Orta Dəhliz çərçivəsində Çindən gələn yüklərin həcminin artması Azərbaycanın əvəzolunmaz tranzit əhəmiyyətini sübut edir. Azad edilmiş ərazilərdə qardaş Özbəkistan və Qazaxıstanın sərmayələri ilə məktəb və sənaye müəssisələrinin açılması isə Qarabağın sürətli reabilitasiyasına və ölkə iqtisadiyyatına inteqrasiyasına xidmət edir.”