Qaynarxett.az xəbər verir ki, gərgin keçən tədris ilindən sonra həmkarlar ittifaqı üzvləri ETİHİ-nin nəzdində fəaliyyət göstərən sağlamlıq və istirahət mərkəzlərindən istifadə edərək asudə vaxtlarını mənalı şəkildə keçirirlər.
Təhsil işçilərinin üstünlük verdiyi istirahət məkanlarından biri də Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən "Təhsil İstirahət Mərkəzi"dir. Xəzər dənizinin sahilində, füsunkar təbiət qoynunda yerləşən mərkəzdə istirahət edənlər üçün müasir tələblərə cavab verən rahat yaşayış, istirahət və asudə vaxtın təşkili üçün bütün zəruri şərait yaradılıb.
Bildirilib ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinin diqqət və qayğısı sayəsində mərkəzdə təhsil işçilərinin rahat istirahət etməsi üçün geniş imkanlar mövcuddur. Hazırda burada məktəb direktorları, direktor müavinləri, həmkarlar ittifaqı təşkilatlarının sədrləri, lisey müəllimləri, eləcə də texniki işçilər elektron sistem vasitəsilə əldə etdikləri göndərişlər əsasında mərhələli şəkildə istirahət edirlər.
İstirahət edən təhsil işçiləri yaradılan şəraitdən məmnunluqlarını ifadə edərək, bu təşəbbüsün onların sağlamlığının qorunmasına, iş qabiliyyətinin bərpasına və yeni tədris ilinə yüksək motivasiya ilə başlamalarına mühüm töhfə verdiyini vurğulayıblar.
Sonda İsmayıllı rayonunun təhsil işçiləri göstərilən diqqət və qayğıya, eləcə də istirahətin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə minnətdarlıqlarını bildiriblər.






