backend

Azərbaycan nümayəndə heyəti Şimali Kiprdə Cumhur Məclisinin sədri Ziya Öztürklə görüşüb

Şimali Kipr Türk Respublikasında (ŞKTR) 1974-cü ildə baş tutmuş “Mutlu Barış” Hərəkatının 52-ci ildönümü münasibətilə keçirilən rəsmi tədbirlər çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyəti Levkoşa şəhərində fəaliyyətini davam etdirir.

Qaynarxett.az-ın xəbərinə görə, ŞKTR-nin dəvəti ilə bayram tədbirlərində iştirak edən Milli Məclisin və Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti bu gün ŞKTR Cumhur Məclisinin sədri Ziya Öztürklə görüş keçirib.
Görüşdə Azərbaycan–Şimali Kipr Parlamentlərarası İşçi Qrupunun rəhbəri Cavanşir Feyziyev, Azərbaycan–Türkiyə Parlamentlərarası İşçi Qrupunun rəhbəri Əhliman Əmiraslanov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini Jalə Əliyeva, millət vəkilləri Ağalar Vəliyev və Heydər Əsədov iştirak ediblər.
Qonaqları salamlayan Cumhur Məclisinin sədri Ziya Öztürklər Kipr türk xalqına göstərilən siyasi və mənəvi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Milli Məclisin sədri Sahibə Qafarovaya Şimali Kipr türk xalqı adından minnətdarlığını ifadə edib.
Azərbaycan–Şimali Kipr Parlamentlərarası İşçi Qrupunun rəhbəri Cavanşir Feyziyev çıxışında “Mutlu Barış” Hərəkatını Kipr türk xalqının tarixi zəfəri kimi qiymətləndirərək, belə əlamətdar gündə qardaş Kipr türk xalqı ilə birlikdə olmaqdan qürur duyduğunu bildirib.
Görüşdə parlamentlərarası əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Ziya Öztürklər Azərbaycan ilə Şimali Kipr arasında sürətlə inkişaf edən parlamentlərarası münasibətlərdən məmnunluğunu ifadə edərək, bu əməkdaşlığın gələcəkdə digər dövlət qurumları arasında da genişlənəcəyinə inandığını vurğulayıb.
Sonda Cumhur Məclisinin sədri Azərbaycan nümayəndə heyətini axşam təşkil olunacaq rəsmi ziyafətə dəvət edib. Görüş qarşılıqlı xatirə hədiyyələrinin təqdim olunması ilə başa çatıb.