backend

YAP nümayəndə heyəti Kiprdə səfərdə olub - Fotolar

Şimali Kipr Türk Cümhuriyyətinin Ulusal Birlik Partiyasının (UBP) dəvəti əsasında Azərbaycan - Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Anar Məmmədov, Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov və YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin baş məsləhətçisi Günel Məmmədovadan ibarət YAP nümayəndə heyəti 20 İyul - Barış və Azadlıq Bayramı münasibətilə təşkil olunan tədbirlərdə iştirak məqsədilə 2026-cı il 19-21 iyul tarixlərində bu ölkədə səfərdə olub.

Qaynarxett.az xəbər verir ki, nümayəndə heyəti əvvəlcə ŞKTC-nin Baş naziri, UBP-nin sədri Ünal Üstel ilə görüşüb. Görüşdə Azərbaycan ilə Şimali Kipr arasında münasibətlərin siyasi, iqtisadi və humanitar sahələrdə artan dinamika ilə irəlilədiyi, xalqlarımız arasındakı ortaq mənəvi dəyərlərə söykənən bağların gündən-günə möhkəmləndiyi məmnunluqla qeyd olunub. Bu baxımdan, ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edən YAP-UBP əməkdaşlığının inkişafının əhəmiyyəti xüsusi vurğulanıb.
Daha sonra YAP nümayəndə heyəti ŞKTC Prezidenti Tufan Erhürmanın, eləcə də digər dövlət rəsmilərinin və xarici qonaqların iştirakı ilə Barış və Azadlıq Bayramı münasibətilə təşkil olunan rəsmi və təntənəli mərasimə qatılıb.
Səfər çərçivəsində, həmçinin ŞKTC Məclisinin sədri Ziya Öztürkler ilə görüş keçirilib. Görüş zamanı Azərbaycan-ŞKTC münasibətlərinin parlamentlərarası müstəvidə uğurla davam etdiyi bəyan olunub. İki ölkə arasında həm ikitərəfli formatda, həm də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində regional inteqrasiyanın və strateji tərəfdaşlığın gücləndirilməsinin vacibliyi xüsusi qeyd edilib.
Bundan əlavə, nümayəndə heyəti Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) ŞKTC-dəki nümayəndəsi Emre Kaya ilə də bir araya gəlib. Keçirilən görüşdə Türk dünyasının siyasi həmrəyliyinin əhəmiyyəti, partiyalararası üçtərəfli və ikitərəfli sıx əməkdaşlıq mexanizmlərinin qurulması, gənclər və gender sahəsində birgə layihələrin həyata keçirilməsi və gələcək inkişaf perspektivləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb.