backend

Deputat Anar Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ŞKTC-nin Baş naziri Ünal Üstel ilə görüşüb

Milli Məclisin deputatı Anar Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyətinə səfəri çərçivəsində ŞKTC-nin Baş naziri, Milli Birlik Partiyasının (UBP) sədri Ünal Üstel ilə görüş keçirib.

Qaynarxett.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında mövcud olan qardaşlıq münasibətlərinin inkişafı, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və müxtəlif sahələrdə əlaqələrin perspektivləri müzakirə olunub.

Tərəflər qeyd ediblər ki, Azərbaycan ilə Şimali Kipr arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq artan dinamika ilə inkişaf edir. Xalqlarımızı birləşdirən ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlərə söykənən qardaşlıq bağlarının gündən-günə daha da möhkəmlənməsi məmnunluqla vurğulanıb.

Görüş zamanı parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı səfərlərin intensivləşdirilməsi və müxtəlif istiqamətlər üzrə birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Deputat Anar Məmmədov Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında əlaqələrin bundan sonra da yüksələn xətt üzrə davam edəcəyinə əminliyini ifadə edib. Baş nazir Ünal Üstel isə qarşılıqlı münasibətlərin inkişafının türk dünyasında həmrəyliyin güclənməsinə mühüm töhfə verdiyini bildirib.