Nazir Tahsin Ertuğrul oğlu qonaqları salamlayaraq Azərbaycan ilə Şimali Kipr Türk Respublikası arasında birbaşa əlaqələrin inkişafına verilən dəstəyi yüksək qiymətləndirib. O, Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv kimi qəbul edilməsində göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlığını ifadə edib.
Nazir, həmçinin 1974-cü il 20 iyul tarixində baş vermiş “Mutlu Barış” hərəkatının 52-ci ildönümü münasibətilə keçirilən tədbirlərdə iştirak etdiyinə görə Azərbaycan Milli Məclisinə təşəkkürünü bildirib və iki ölkə arasında münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıb.
Azərbaycan–Şimali Kipr Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun rəhbəri, Milli Məclisin deputatı Cavanşir Feyziyev Milli Məclisin sədri Sahibə Qafarovanın salamlarını ŞKTR-nin xarici işlər nazirinə çatdırıb, onu və Kipr türk xalqını “Mutlu Barış” hərəkatının 52-ci ildönümü münasibətilə təbrik edib.
Deputat qeyd edib ki, 20 iyul tarixi bütün türk dünyasının tarixi zəfər günlərindən biridir. O, Şimali Kipr türk xalqının hüquqlarının beynəlxalq ictimaiyyət tərəfindən tanınmasının vacibliyini vurğulayaraq, Azərbaycan ilə Şimali Kipr arasında siyasi və parlamentlərarası əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.
Görüşün sonunda tərəflər bir-birinə xatirə hədiyyələri təqdim edib, daha sonra birgə xatirə fotosu çəkdiriblər.
Görüşdə Azərbaycan–Şimali Kipr Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun üzvləri, Milli Məclisin deputatları Arzu Nağıyev və Jalə Əliyeva da iştirak ediblər.
Səfər çərçivəsində axşam saatlarında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyəti “Mutlu Barış” hərəkatının 52-ci ildönümü münasibətilə Şimali Kipr Türk Respublikası Cumhuriyyət Məclisinin sədri Ziya Öztürklər tərəfindən təşkil olunmuş rəsmi ziyafətdə də iştirak edib.


