backend

Kremlin balanssız siyasəti-deputat Azərbaycanı hədəf seçən yazıya sərt reaksiya verdi

Rusiya–Azərbaycan münasibətləri rəsmi sənədlərdə strateji tərəfdaşlıq kimi təqdim olunsa da, ölkəmizə qarşı şimal qonşumuzun qərəzli yanaşmaları davam etməkdədir. Son bir ildə yaşanan proseslər Moskvanın Bakıya qarşı nə qədər qısqanclıqla yanaşdığının növbəti dəfə bariz sübutu oldu. Bütün bunlar da Bakıda haqlı narahatlıq doğurur. Geosiyasi maraqların ön plana keçdiyi bir mərhələdə Moskvanın Bakıya münasibətdə balansı qorumaq əvəzinə, qərəzli xətt seçməsi münasibətlərin gələcəyi ilə bağlı ciddi müzakirələr açır.

Son olaraq, “Rusiyanın “Nezavisimaya qazeta” nəşrində Azərbaycanı hədəf alan yazı yayımlanıb. Rusiya XİN-in Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı tədqiqatçısı Aleksandr Knyazevin fikrincə, İrandakı vəziyyət hazırda Qərb informasiya vasitələrinin tam gücü ilə idarə olunur, ona görə də vəziyyətin qiymətləndirilməsi üçün çox az obyektiv məlumat var.

Knyazevin daha sonrakı iddiası diqqət çəkir: “İndi istənilən xarici təcavüz - məsələn, İsrail, ABŞ, Azərbaycan və onların regiondakı mümkün tərəfdaşlarının İrana raket zərbələri cəmiyyətində əhəmiyyətli dərəcədə daha böyük konsolidasiya üçün güclü təməl ola bilər”.

Rusiyalı ekspert daha sonra yenə İrandakı mümkün hakimiyyət dəyişikliyinin guya Azərbaycandakı sabitliyə də ciddi təsir edəcəyinə işarə edib: “Ərəb baharı” nın Suriya və Livanda faciəvi təcrübəsi təcrübəsi Azərbaycan, Qazaxıstan və digərləri tərəfindən çox təkrarlana bilər".

“Rusiyanın “Nezavisimaya qazeta” nəşrində dərc olunan və Aleksandr Knyazevin fikirləri üzərində qurulan son yazı, əslində regionda baş verən proseslərə obyektiv analitik yanaşmadan daha çox, açıq geosiyasi manipulyasiya xarakteri daşıyır. Hesab edirəm ki, bu cür materiallar təsadüfi deyil və onların zamanlaması xüsusi diqqət çəkir”

Bu sözləri Musavat.com-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Deputat bildirib ki, Rusiyadakı bəlli siyasi-analitik çevrələrin yenidən fəallaşması bir məqamdan xəbər verir:

"Bu çevrələr Rusiya ilə Azərbaycan arasında münasibətlərin gərginləşməsində maraqlıdırlar və bunun üçün bütün yollara əl atırlar. Eyni zamanda, bu qüvvələr Azərbaycanın suveren, balanslı və müstəqil xarici siyasət kursunu, gücünü hələ də qəbul edə bilmir və ölkəmizi regional proseslərin passiv obyektinə çevirmək istəyirlər. Məhz buna görə də informasiya müstəvisində Bakını hədəfə alan, onu müxtəlif ssenarilərlə əlaqələndirən, xüsusən də İran mövzusu üzərindən təhlükəli assosiasiyalar yaradan yazılar, fikirlər, əslində isə belə deyədim ki, “münnəcimvari özgörmələr” dövriyyəyə buraxılır”.

Deputat deyib ki, “Nezavisimaya qazeta”da yayımlanan məqalədə Azərbaycanın ABŞ və İsraillə birlikdə guya İrana qarşı mümkün hərbi ssenarilərin bir hissəsi kimi təqdim edilməsi, təkcə absurd deyil, həm də açıq təxribatdır:

“Bu cür iddialar, ilk növbədə İran cəmiyyətində və regionda Azərbaycana qarşı mənfi rəy formalaşdırmağa, Bakı–Tehran münasibətlərinə xələl gətirməyə yönəlib. Aydın görünür ki, burada məqsəd İranı Azərbaycan üzərinə psixoloji və siyasi təzyiq alətinə çevirmək, regionda yeni gərginlik xətləri yaratmaqdır. Bu, eyni zamanda Rusiyanın daxilindəki bəlli dairələrin regionda artan Qərb təsirindən narahatlığının da göstəricisidir. Çünki Orta Asiya ölkələrinin ABŞ-la yaxınlaşmasını açıq-aşkar tənqid edən Knyazev, əslində Moskvanın postsovet məkanında əvvəlki hegemon mövqelərini itirməsi ilə barışa bilməyən düşüncə tərzini ifadə edir. Bu kontekstdə Azərbaycanın da müstəqil xətt yürütməsi, Qərb, Türkiyə və regional tərəfdaşlarla balanslı münasibətlər qurması həmin dairələr üçün qəbulolunmazdır.

Digər tərəfdən İran daxilində baş verən sosial-siyasi prosesləri Azərbaycan və digər region ölkələri üçün “ərəb baharı” tipli təhlükə kimi təqdim etmək də açıq qorxu siyasətidir. Məqsəd ölkələrdə sabitliklə bağlı süni təşviş yaratmaq və ictimai rəyi manipulyasiya etməkdir. Azərbaycan dövləti möhkəm institusional əsaslara, güclü təhlükəsizlik sisteminə və xalq–dövlət birliyinə malikdir. Onu kənar ssenarilərlə təhdid etmək cəhdləri informasiya müharibəsinin bir hissəsidir və real vəziyyəti əks etdirmir. Nəticə etibarilə, Rusiyada Azərbaycan–Rusiya münasibətlərinin sağlam məcrada inkişafında maraqlı olmayan qüvvələrin yenidən aktivləşdiyi açıq görünür. Bu qüvvələr regionda gərginlik yaratmaq, Bakı ilə Tehran arasında etimadsızlıq toxumu səpmək və Azərbaycanın müstəqil xarici siyasət kursunu zəiflətmək üçün mediadan alət kimi istifadə edirlər. Azərbaycan isə bütün qonşuları ilə, o cümlədən Rusiya və İranla qarşılıqlı hörmətə, suverenliyə və beynəlxalq hüquqa əsaslanan münasibətləri davam etdirməkdə qərarlıdır və bu cür informasiya təxribatları ölkəmizin strateji xəttini dəyişə bilməz”.

Cavanşir ABBASLI
Musavat.com