backend

Uğurlu gənclər siyasəti səmərəli nəticələr verir

“Azərbaycanda Gənclər Günün təsis edilməsi, həmçinin gənclərin inkişafı üçün yaradılan şərait dövlətimizin gənclərə diqqət və qayğısının ən bariz nümunəsidir. Ulu Öndər Heydər Əliyev 1 fevral 1997-ci ildə 2 fevral tarixinin Gənclər günü olması ilə bağlı sərəncam imzalayıb. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb.” Bu fikirləri Milli Məclisin deputatı deputat Vüqar İskəndərov deyib.
“Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər gənc nəslə qayğısını heç vaxt əsirgəməyib. Bu baxımdan Gənclər siyasəti dövlətimizin ən prioritet məsələlərindən biri olub. Təsadüfi deyil ki, müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılıb. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. Ulu Öndərin layiqli davamçısı Cənab Prezident İlham Əliyev də Gənclər siyasətinin uğurla davam etdirilməsi istiqamətində vacib addımlar atmışdır. 2007-ci il “Gənclər ili” elan olunması, paytaxt Bakı və bölgələrdə fəaliyyət göstərən Gənclər evlərinin tikilməsi, 2011-ci ildə Gənclər Fondunun yaradılması, “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi və s. gənclərin vətənpərvər ruhunda formalaşdırılması və onların sosiallaşmasında mühüm rola malik olmuşdur. Bu siyahıya gənc kadrların irəli çəkilməsi siyasətinin təcəssümü “Yüksəliş” müsabiqəsini də əlavə etmək olar. Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib”.
Deputat qeyd edib ki, Azərbaycan gənci çox xoşbəxt gəncdir. “Azərbaycan gənci xoşbəxt bir gənclik yaşayır. Çünki onun inkişafı üçün dövlət hər bir imkan yaradıb. Cənab Prezidentin Azərbaycan gənclərinə göstərdiyi diqqət və qayğının biz ən bariz nümunəsini 44 günlük Vətən müharibəsində gördük. Əminliklə demək olar ki, aparılan Gənclər siyasəti ən yüksək səviyyədə bəhrəsini verir”.