backend

Cənab Prezidentin siyasəti qarşıdurmanı deyil, anlaşmanı önə çəkir

Bu gün sürətlə dəyişən və yenidən qurulan dünya düzəni bəşəriyyəti bir çox qlobal problemlərlə üz-üzə qoyur. Planetin müxtəlif regionlarında getdikcə daha çox münaqişələrin yaranmasına səbəb olan belə məsələlərdən biri də dini, irqi və ya digər hər hansı əsaslı dözümsüzlükdür. Məlum olduğu kimi Azərbaycan fərqli mədəniyyətlərin və dinlərin əsrlər boyu dinc yanaşı yaşadığı məkan kimi dinc, yanaşı yaşama modelini müasir dövrdə də praktik şəkildə reallaşdıran bir ölkədir. Cənab Prezident İlham Əliyevin Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimindəki çıxışı da məhz müasir beynəlxalq münasibətlər sistemində getdikcə daha çox önəm qazanan mənəvi dəyərlərin, tolerantlığın və sülh mədəniyyətinin Azərbaycan modeli ilə uzlaşdığını aydın şəkildə nümayiş etdirdi. Şeyx Zayedin adını daşıyan bu nüfuzlu mükafata görə münsiflər heyətinə dərin minnətdarlığın ifadə olunması, eyni zamanda, bu mükafatın arxasında dayanan ideyaların – insan qardaşlığı, qarşılıqlı anlaşma və dialoqun – dövlət siyasətində tutduğu yeri ortaya qoyur. Dövlətimizin başçısının Birləşmiş Ərəb Əmirliklərini tarixi köklərinə sadiq qalmaqla gələcəyə inamla baxan, sülh və ahəngdar şəraitdə yaşayan cəmiyyət nümunəsi kimi təqdim etməsi də əlbəttə ki, təsadüfi deyil. Bu vurğu, müasir dünyada inkişafın yalnız iqtisadi göstəricilərlə deyil, həm də sosial harmoniya və mədəni müxtəlifliyə hörmət əsasında mümkün olduğunu göstərir.

Bunu da qeyd etməliyik ki, dövlət başçısının çıxışında dinlərarası dialoqa xüsusi yer ayrılması da beynəlxalq ictimaiyyətə ünvanlanmış mühüm mesajdır. Cənab Prezident İlham Əliyev Əl-Əzhərin böyük imamı doktor Əhməd Əl-Tayyibə və Roma Papası Zati-müqəddəsləri Leoya təşəkkür ifadə etməklə, sivilizasiyalararası münasibətlərdə dini liderlərin oynadığı rola yüksək dəyər verdiyini vurğulamış oldu. Bu yanaşma onu göstərir ki, qlobal miqyasda sülhün təmin olunması yalnız siyasi qərarlarla deyil, həm də mənəvi liderliyin və qarşılıqlı anlayışın gücləndirilməsi ilə mümkündür. Azərbaycan bu prosesdə dialoqu təşviq edən, qarşıdurmanı deyil, anlaşmanı önə çəkən mövqeyi ilə seçilir. Dövlət başçısının “biz Ermənistanla sülh şəraitində yaşamağı öyrənirik” fikri sülhə yanaşmanın mahiyyətini açan mühüm tezisdir. Burada sülh bir anda əldə olunan nəticə deyil, qarşılıqlı etimadın, psixoloji baryerlərin aradan qaldırılmasının və uzunmüddətli əməkdaşlıq mədəniyyətinin formalaşması prosesi kimi təqdim olunur. Uzun illər davam etmiş münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülhün mümkünlüyü ideyası məhz bu baxışdan qaynaqlanır. 2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın ev sahibliyi etdiyi üçtərəfli Zirvə Görüşündən sonra ötən altı ayın münasibətlərin inkişafı baxımından mühüm mərhələ kimi qiymətləndirilməsi, sülh prosesinin tədricən institusional çərçivə qazandığını göstərir. Bu zaman kəsiyi tərəflər arasında dialoqun dərinləşməsi və qarşılıqlı anlayışın möhkəmlənməsi baxımından əhəmiyyətli olub. Beləliklə, Prezident İlham Əliyevin Əbu-Dabidəki çıxışı Azərbaycanın beynəlxalq müstəvidə sülhü yalnız siyasi razılaşma deyil, mədəni, mənəvi və insani dəyərlərə söykənən davamlı proses kimi qəbul etdiyini aşkar şəkildə göstərir.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.